4 tanınmış azərbaycanlı milli-mədəni fəal Sulduz və Urmiyədə keçiriləcək Şura Seçkiləri ilə bağlı ikinci dəfə müraciət ünvanlayıblar

4 tanınmış azərbaycanlı milli-mədəni fəal Sulduz və Urmiyədə keçiriləcək Şura Seçkiləri ilə bağlı ikinci dəfə müraciət ünvanlayıblar

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəallar Həsən Dəmirçi, Əkbər Azad, Abbas Lisani və Həsən Raşidi Sulduz və Urmiyədə keçiriləcək Şura Seçkiləri ilə bağlı Azərbaycan türk milləti və milli-mədəni fəallara ikinci dəfə müraciət ünvanlayıblar.

 

Urmu və Sulduz şəhərlərinin əhalisi və milli-mədəni fəallara xitabən yazılan müraciətdə Qərbi Azərbaycan şəhərlərində keçiriləcək Şura Seçkilərinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

 

Fəallar bildirib ki, “Urmu və Sulduz şəhərlərində xüsusi vəziyyət mövcud olduğuna görə bütün Azərbaycanın milli hüquqları naminə bu şəhərlərdə fəaliyyət göstərən  milli-mədəni fəallar və fərqli düşünən müxtəlif qüvvələrlə əlaqə saxlanıldı və çalışıldı ki, bütün qüvvələr bir araya gələrək Şura seçkiləri üçün namizədlərin birgə siyahısı hazırlayıb əhaliyə təqdim etsinlər. Bunu nəzərə alaraq hətta ustad Həsən bəy Dəmirçi cənabları daha bir neçə dostu ilə birlikdə Urmiyəyə səfər edib və müəyyən görüşlər keçirdilər. Təəssüflər olsun ki, söyləməsindən çəkindiyimiz müəyyən səbəblərə görə, bütün Azərbaycanın arzu etdiyi nəticə əldə olunmadı.”

 

“Bildiyiniz kimi, birinci müraciətimizdə fəalların bir araya gələrək vahid bir siyahı təqdim etməyəcəkləri təqdirdə məcburiyyət qarşısında ən qapsamlı olan siyahını dəstəkləyəcəyimizi bildirmişdik. Lakin ustad H.Dəmirçi və dostlarının Urmu şəhərində apardıqları müzakirələr və müşahidələrdən sonra biz bundan öncə elan etdiyimiz qərarımızdan vaz keçdik. Lakin biz yenə də ümidsiz deyilik, Sulduz və Urmu şəhərlərindəki millətçilərə üzümüzü tutaraq bildiririk ki, bütün Azərbaycanın gözü sizlərin davranışındadır. Hələ də birləşmək üçün gec deyil. Vətən və torpaq adına birləşmək uğrunda addım atmaq lazımdır”- ikinci müraciətin bir hissəsində qeyd olunub.

 

Tanınmış fəallar sonda belə vurğulayıblar: “Əgər bu vəziyyətin Urmu və Sulduz şəhərlərinə vuracağı ziyan və bölgəyə köçürülən mühacir qüvvələrin sui-istifadə etməsi təhlükəsi düşünülmürsə, o zaman təkcə bir yol qalacaq: O da bundan ibarətdir ki, bu vəziyyəti dərk edib, torpağımızı qorumaq naminə azərbaycanlıların səsinin dağılmasının qarşısını almaq məqsədi ilə başqa bir uyğun siyahının xeyirinə olaraq önərilən bəzi siyahılardan vaz keçilməlidir. Bu tarixi bir fədakarlıq olardı”- deyə bildirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN