Azərbaycanlı millət vəkili türk dilinin tədris olunmaması və Urmu gölü böhranı ilə bağlı hökuməti tənqid edib

Azərbaycanlı millət vəkili türk dilinin tədris olunmaması və Urmu gölü böhranı ilə bağlı hökuməti tənqid edib

GünAz TV: Mərənd və Culfa şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad ölkə başçısı Həsən Ruhaninin Azərbaycan türklərinə verdiyi vədlərin yerinə yetirilmədiyi üçün hökuməti tənqid edib.

 

Parlamentdə çıxış edən millət vəkili Azərbaycan şəhərlərində baş verən sel fəlakətinə də toxunub. O Həsən Ruhanidən istəyib ki, Azərbaycana gəldiyi zaman mütləq Azərşəhrdə Qələzar körpüsünə baxış keçirsin və orada Yol və Şəhərsalma Nazirliyinin yaratdığı dəhşətli vəziyyəti gözləri ilə görsün.

 

Millət vəkili hökumətin Urmu gölü böhranına münasibətini də tənqid atəşinə tutub. “Şübhəsiz ki, ölkənin şimal-qərb əhalisi üçün heç bir məsələ Urmu gölü məsələsi qədər əhəmiyyət daşımır. Başqa sözlə desək Urmu gölü Azərbaycan əhalisinin qırmızı xəttidir. Cənab prezident artıq göl qurudu, Azərbaycanın gözü kor oldu. Sizin canlandırma işləriniz də işə yaramadı. Əgər Allahın mərhəməti ilə bu qədər yağışlar olmasaydı, artıq Urmu gölü yox idi. Azərbaycan əhalisi bu məsələyə laqeyd yanaşanları əfv etməyəcək”- deyə o bildirib.

 

M.Həsənnəjad sözlərinin davamında deyib: “Azərbaycan  əhalisinin daha bir qırmızı xətti Azərbaycan türkcəsinin məktəblərdə tədris olunmasıdır, bu artıq sosial tələbatdır. Seçkiqabağı təbliğat-təşviqat dönəmində türk dilinin məktəblərdə tədris olunacağı ilə bağlı söz verdiniz. Əhali dedi ki, bu məsələ konstitusiyada qeyd olunub və biz də onun icra edilməsini tələb edirik. Siz isə dediniz ki, məktəblərdə türk dilinin tədris olunması ilə yanaşı, ustad Şəhriyarın dediyi kimi “Türkün dili tək sevgili istəkli dil olmaz, Özgə dilə qatsan bu əsil dil əsil olmaz” ayrıca  Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi yaradılacaq. Ancaq vədlər yerinə yetirilmədi. Əhali sizdən gileylidir, indi buna cavabınız nədir?”

 

Millət vəkili öz çıxışında bölgənin ağır iqtisadi vəziyyəti, Tehran-Bazirqan yolu, Tehran-Təbriz qatarı, Mərənd və Culfada kənd təsərrüfatı və s. sahələrdəki problemlərə də işarə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN