Azərbaycanlı millət vəkillərindən Tehranın Azadi stadionunda türklərin təhqir edilməsinə reaksiya – VİDEO

Azərbaycanlı millət vəkillərindən Tehranın Azadi stadionunda türklərin təhqir edilməsinə reaksiya – VİDEO

GünAz TV: Cümə günü Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Təbrizin “Traxtur” komandaları arasında görüş keçirilib. Görüşdə “Perspolis”in 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndiriblər.

 

Bu hadisəyə əksər azərbaycanlı millət vəkilləri və yerli məsullar öz şəxsi mənafeyi naminə səssiz qalıb Tehran rejiminə vəfalı olduqlarını bir daha sübut etməyə çalışdılar. Buna baxmayaraq Həştrud, Təbriz, Ərdəbil və Urmiyə şəhərlərinin bir neçə millət vəkili baş verən hadisəyə zəif də olsa reaksiya verib, irqçilərin bu hərəkətini qınayıblar.

 

Həştrudun millət vəkili Həmzə Əmini “İsna” xəbər agentliyinin müxbiri ilə danışıqda Azadi stadionunda olub-bitənləri kəskin qınayıb. O bildirib ki, “Traxtur”-“Perspolis” görüşünün film və şəkillərini diqqətlə izlədikdən sonra bu məsələ ilə məşğul olub, lazımi orqanlara öz etirazını bildirəcək.

 

Təbrizin millət vəkili Məhəmməd Hüseyn Fərhəngi də mövzu ilə bağlı “İsna” xəbər agentliyinə danışıb.

 

““Perpolis” tərəfdarlarının Azərbaycan əhalisinin ünvanına səsləndirdikləri söyüşləri şiddətlə qınayıram. Bu haqda Gənclər və İdman naziri, həmçinin Futbol Federasiyasının rəisinə məktub yazıb öz etirazımı bildirmişəm. Rəyasət heyəti Gənclər və İdman naziri tərəfindən seçilən bir klubun belə bir hərəkəti qətiyyən qəbuledilməzdir. Stadionda kimsə səsləndirilən şüarlara mane olmadı”- deyə o qeyd edib.

 

Təbrizin digər millət vəkili Məsud Pezeşkiyan isə məsələyə öz İnstagram səhifəsində münasibət bildirib. Millət vəkili stadiondakı “Perspolis” tərəfdarından yaydığı görüntünün altında belə yazıb:

“Paytaxtda “Perspolis” liderlərinin dəstəyi ilə qövmlər təhqir olunur”, “Paytaxt sakini olan 40 min nəfər Azərbaycan əhalisini söyür”.

 

 

Məsələyə etiraz edən deputatlar arasında Ərdəbilin millət vəkili Rza Kərimi də var. ““Traxtur”-“Perspolis” görüşündə türklərin təhqir olunması ilə bağlı Gənclər və İdman nazirinə müraciət edilib, ondan bu hadisəyə səbəb olanların cəzalandırılması tələb olunub. Heç bir qövmü təhqir etmək olmaz. Biz bu səhnəni düzənləyənlərə qarşı ciddi tədbir alınmasını istəyirik. Əks halda Gənclər və İdman naziri parlamentə çağırılacaq. O millət vəkillərinin suallarına cavab verməlidir”- deyə millət vəkili bəyan edib.

 

Ərdəbilin digər millət vəkili Məhəmməd Feyzi də irqçilərin bu çirkin hərəkətini pisləyərək Gənclər və İdman nazirindən belə hadisələrin təkrar olunmaması üçün tədbir almasını istəyib. O vurğulayıb ki, “nazir hərəkətə keçmək üçün hərhansı şikayəti gözləməməlidir. Məsullar elə etməlidilər ki, belə bayağı hərəkətlər bir daha təkrar olmasın.”

 

Urmiyənin millət vəkili Nadir Qazipur isə məsələyə fərqli bir formada münasibət bildirib. İrqçilərin çirkin əməlinə olduqca yumşaq münasibət göstərən N.Qazipur öz mövqeyini Video vasitəsi ilə yayıb. Millət vəkili ölkə prezidenti, həmçinin Gənclər və İdman nazirini Azərbaycanı təhqir edənlərə qarşı tədbir almağa çağırıb.

https://www.youtube.com/watch?time_continue=22&v=bGULJES7plU

 

 

Qeyd edək ki, dekabrın 29-da Tehranın Azadi stadionunda keçirilən görüşdə “Perspolis”in 60 min tərəfdarı 90 dəqiqə ərzində Azərbaycan türk millətinin ünvanına ağır söyüşlər səsləndirib. “Traxtur” klubun məsulları bütün bunların oyundan əvvəl planlaşdırıldığını bildirir.

 

Mövzu ilə bağlı aşağıdakı xəbərləri oxuya bilərsiniz:

“Perspolis”in irqçi tərəfdarları “Traxtur”la görüşdə təhqiramiz şüarlar səsləndirib / “Traxtur” klubu: Bütün bunlar əvvəldən planlaşdırılıb - VİDEO

 

“Traxtur”-“Perspolis” görüşündə yaranan qarşıdurmada 41 nəfər yaralanıb

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN