Azərbaycanlı professor İran kəşfiyyatı ilə əməkdaşlıq etmədiyi üçün edam cəzasına məhkum edilib

Azərbaycanlı professor İran kəşfiyyatı ilə əməkdaşlıq etmədiyi üçün edam cəzasına məhkum edilib

GünAz TV: İranda təbrizli alim, professor Əhmədrza Calali İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və digər təhlükəsizlik qüvvələri ilə gizli əməkdaşlıq təklifindən imtina etdiyinə görə edam cəzasına məhkum edilib.

 

İranlı nüvə alimləri haqda İsrailə məlumat ötürərək onların terror edilməsinə şərait yaratmaq kimi qondarma ittihamla üzləşən alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb, 9 il öncə isə İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Prof. Əhmədrza Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Əhmədrza Calalininin Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edildiyi bildirilir. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

 

Edam hökmü oktyabrın 21-də elan olunub.

 

Məhbus alimin dəqiq olaraq nədə ittiham olunduğu məlum deyil, lakin onun həyat yoldaşı alimin “düşmən dövlətlərlə əməkdaşlıq etmək”də ittiham olunduğunu deyib. Müstəntiqlər isə istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Əhmədrza Calalinin vəkili Mahmud Təbatəbayi isə müvəkkilinin təhlükəsizliklə bağlı dosyesi olduğunu qeyd edərək vurğulayıb ki, “biz və Əhmədrza düşmən ölkələrlə əməkdaşlıq etmək ittihamını heç bir şəkildə qəbul etmirik.”

 

Əhmədrza Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə məhdudiyyətlər qoyulub. Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.

 

Professor Əhmədrza Calali öz ixtisası üzrə tanınmış alimlərdən biridir. O çox sayda elmi kitab, məqalə, elmi təhqiqat işi və çıxışların müəllifidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN