Babək qalasında keçirilən yığıncaqda baş verənlər – Təfərrüat

Babək qalasında keçirilən yığıncaqda baş verənlər – Təfərrüat

GünAz TV: Cümə günü, iyunun 30-da çox sayda Azərbaycan Milli Hərəkat fəalı Babək Xürrəmdinin ad gününü  (Babək qalası qurultayı) qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına yürüş ediblər.

 

Yığıncağa Ərdəbil, Təbriz, Əhər, Kəleybər, Muğan, Şəbistər, Xalxal və s. şəhərlərdən fəallar qatılıb.

 

Yığıncaq iştirakçıları yerli vaxtla saat 12 radələrində “Bu qala daşlı qala” Azərbaycan mahnısını kütləvi şəkildə oxuyublar. Mahnı oxunan zaman Təhlükəsizlik qüvvələri yığıncağı dağıtmaq istəyib, lakin onlar fəalların kəskin müqaviməti ilə qarşılaşıb.

 

Fəallar bundan sonra şüar səsləndirməyə başlayıblar:

-       Yaşasın Azərbaycan

-       Türk dilində mədrəsə - Olmalıdır hər kəsə

-       Milli-siyasi məhbuslar azad olsun gərək

-       Haray-Haray mən türkəm

-       Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq

-       Azərbaycan var olsun – İstəməyən kor olsun

-       Kürd, fars, erməni – Azərbaycan düşməni

-       Siyamək Mirzayi azad olmalıdır

 

Şüar səsləndirilən zaman yenə də təhlükəsizlik qüvvələri yığıncağa müdaxilə etmək istəyiblər, lakin fəallar müqavimət göstərərk yığıncağı davam etdirə biliblər.

 

Bundan sonra hazırda həbsxanada aclıq aksiyası keçirməkdə olan Siyamək Mirzayinin azadlığını tələb edən bannerlər nümayiş etdirilib. Bannerlər üzərində yazılıb:

-       “Babək getdisə boş qalmadı ancaq qucağın, Doludur min belə oğlanlar ilə hər bucağın”

-       “Siyasi məhbus mühəndis Siyamək Mirzayi özgür buraxılsın”

-       “Siyamək Mirzayi azad olsun”

-       İgidə bəla igidlik edərkən gələrsə şərəfdir”

 

Bu mərhələdə sıra şeir oxuma və çıxışlara çatıb. Fəalların biri şeir oxuduqdan sonra milli-mədəni fəal Tohid Əmir Əmini çıxış etməyə başlayıb. Azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin azadlığa buraxılmasını tələb edən fəal, İran Konstitusiyasının 15, 19 və 27-ci maddələrindən bəhs edərək ana dilinin bir millətin kimliyi üçün əhəmiyyətindən danışıb.

 

Yığıncaq bitdikdən sonra fəallardan 12-si, bəzi mənbələrə görə isə 13-ü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, ETTELAAT Nazirliyinin Tehrandakı məsulları fəalların saxlanma müddətinin uzadılmasını tələb ediblər, həmin göstərişə əsasən tutulan fəalların daha 10 gün saxlanılacağına qərar verilib.

 

Məlumata görə, tutulanlardan Əkbər Cahangiri, Murtaza Pərvin, Hamid Rəvaci, Milad Əkbəri, Rəhim Novruzi və Rəhim Zarei növbəti göstərişə qədər təcridxanada saxlanılacaq.

 

Əkbər Cahangiri və Murtaza Pərvin hal-hazırda Təbriz ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır. Hamid Rəvaci, Milad Əkbəri, Rəhim Novruzi və Rəhim Zareinin isə Əhər zindanında saxlandığı bildirilir.

 

Əkbər Cahangiri və Murtaza Pərvin tutularkən təhlükəsizlik qüvvələri tərəfindən döyülərək bədən xəsarətləri alıblar. Onların hazırda ETTELAAT İdarəsində də işgəncə edildiyi bildirilir.

 

Babək qalası Kəleybər şəhərinin 3 kilometrliyində 2300 metr hündürlüyündə olan dağın zirvəsində yerləşir.

 

Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü münasibətilə hər il iyunun sonunda Babək qalasına ənənəvi yürüş keçirilir. Tarixi  məkanda keçirilən kütləvi dinc yığıncaqlar davamlı olaraq İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”), ETTELAAT və polis əməkdaşlarının kobud müdaxiləsi və zorakı hərəkətlərinə məruz qalır, yığıncaqda tutulanlar məhkəmə qarşısına çıxarılır.

 

Babək Xürrəmdin, Azərbaycanı Abbasi xəlifələrinin istilasından qurtarmaq üçün uzun illər mübarizə aparıb, bu gün Babək Xürrəmdin və onun qırmızı rəngli mübarizə bayrağı Azərbaycan Milli Hərəkat fəalları üçün ilham mənbəyidir.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN