BMT-nin nümayəndəsi və yerli məsullar Urmu gölü böhranı ilə bağlı xəbərdarlıq ediblər

BMT-nin nümayəndəsi və yerli məsullar Urmu gölü böhranı ilə bağlı xəbərdarlıq ediblər

GünAz TV: İran rejiminin laqeyd münasibəti nəticəsində Urmu gölündə böhran getdikcə dərinləşir.

 

Son məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Tehrandakı nümayəndəsi Urmu gölündə suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı xəbərdarlıq edib.

 

Gary Lewis bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

 

“Urmu gölündən nigaranedici xəbərlər gəlir. Birgə edilən cəhdlərə rəğmən Urmu gölündə suyun səviyyəsi sürətlə aşağı düşür. Suya tələbat düzgün idarə olunmasa, bu problem davam edəcək. Artıq səylərimizi ikiqat artırmaq lazımdır”- deyə BMT nümayəndəsi bildirib.

 

Bu zəmində Ətraf Mühit Təşkilatının rəisi və prezident müavini İsa Kəlantəri də həyəcan təbili çalıb. O  Beynəlxalq Şəms Təbrizi salonunda keçirilən 5-ci Rob-i Rəşidi Texnologiya və İnnovasiyalar Rinoteks Sərgisinin açılışı mərasimi zamanı öz çıxışında bu məsələyə toxunub.

 

“Hər kəs Urmu gölünün qurtarılması üçün müxtəlif planlar təklif edə bilər. Amma təəssüflər olsun ki, kimsə bunları icra etmək fikrində deyil. Deyirik ki, filan bəndə su buraxılmamalıdır vəya filan bəndin suyu azad edilməlidir. Lakin bu planları icra etməkdə problemimiz var”- deyə Ətraf Mühit Təşkilatının rəisi bəyan edib.

 

İ.Kəlantərinin iştirak etdiyi mərasimə qatılan Təbrizin imam cüməsi Seyid Məhəmmədəli Al-i Haşim də Urmu gölündə vəziyyətin gərginləşdiyini qeyd edib.

 

O bildirib ki, “dövlət ötən illərdə Urmu gölü ilə bağlı müəyyən işlər görüb, lakin görülən işlər yetərsizdir, gölün hazırkı vəziyyəti nigaranlıq doğurur.”

 

Urmu gölü böhranının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərinə vurduğu ağır ziyanlara işarə edən imam cümə vurğulayıb ki, dövlət gölü qurtarmaq üçün daha çox səy göstərməli, bu yolda iradəli olmalıdır.

 

Bəzi məsullar məlum məsələləri nəzərə alaraq Urmu gölü ilə bağlı dövlətin müəyyən işlər gördüyünü açıqlayır. Lakin elə hökumətə mənsub digər rəsmi şəxslər bu iddianı rədd edərək göldə yaranan böhrana qarşı heç bir əməli tədbir alınmadığını bildirir. Hazırda Urmu gölünün 95 faizi quruyub, suyun səviyyəsi isə günü-gündən aşağı düşür. Bu vəziyyət milyonlarla insanın həyatını təhlükə ilə üz-üzə qoyub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN