Donald Tramp Kennedinin qətli ilə bağlı göstəriş verib

Donald Tramp Kennedinin qətli ilə bağlı göstəriş verib

GünAz TV: Donald Tramp Kennedinin qətli ilə bağlı 2,8 min sənədin dərcinə göstəriş verib.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Amerikanın 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı əvvəllər məxfi saxlanılan 2,8 min sənədi Milli Arxiv saytında dərc etmək göstərişi verib.

 

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Ağ evin mətbuat xidmətinin oktyabrın 26-da dərc olunan bəyanatında yer alıb.

 

Trampın sözlərinə görə, ictimaiyyət tarixin axarını dəyişdirən bu hadisə ilə əlaqədar insanların tam həcmli informasiya əldə etmələri üçün Con Kennedinin qətlinə dair sənədləri hökumətin mümkün qədər daha çox əlçatan edəcəyini düşünür. O, həmçinin bildirib ki, bəzi qurumların tələbinə uyğun olaraq, bu mövzu ilə bağlı digər sənədlər yenə də məxfi qalacaq.

 

Sözü gedən sənədlər altı ay ərzində - 2018-ci ilin aprelinədək yenidən tədqiq olunacaq və bundan sonra onların dərc edilməsinə dair qərar veriləcək.

 

“Milli təhlükəsizliyimizə zərər vurmamaq üçün bu redaktəni qəbul etməkdən başqa yolum yoxdur”, - deyə Tramp bildirib və materialların nadir hallarda məxfiliyinin saxlanacağını qeyd edib. ABŞ Prezidenti əlavə edib ki, zaman keçdikcə materialların məxfiliyi də azalacaq.

 

Ağ evin yaydığı bəyanata əsasən, sənədlər artıq ABŞ Milli Arxivinin saytına yüklənməyə başlanılıb və bu proses davam edəcək.

 

“Əsrin qətli”

Con Ficerald Kennedi 1917-ci il mayın 29-da Massaçusets ştatının Bruklayn şəhərində doğulub. 1960-cı ildə 43 yaşında ABŞ-ın ən gənc prezidenti olub. Kennedinin prezidentliyi dövründə Berlin böhranı, Kubanın raket böhranı baş verib, ABŞ Kubada Fidel Kastro hökumətini devirməyə çalışıb, Cənubi Vyetnama qoşun göndərilməsi prosesinə start verilib.

 

Kennedi 1963-cü il noyabrın 22-də Dallasa (Texas ştatı) səfəri zamanı qətlə yetirilib. Hadisəni təhqiq edən hökumət komissiyası qətlin təklikdə fəaliyyət göstərən Li Harvi Osvald tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. Lakin rəsmi versiya bir çoxları tərəfindən qəbul olunmayıb.

 

Tarixçi Ceyms Tetserin dediyinə görə, ekspertlər tərəfindən toplanılan dəlillər sui-qəsd zamanı Kennedi istiqamətində müxtəlif nöqtələrdən ümumilikdə 6 güllə atıldığını göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN