Dr. Maşallah Rəzmi İsveç parlamentində “İranın gələcəyində milli azlıqların rolu” mövzusunda çıxış edib

Dr. Maşallah Rəzmi İsveç parlamentində “İranın gələcəyində milli azlıqların rolu” mövzusunda çıxış edib

GünAz TV: 2017-ci il martın 8-də İsveç parlamentində “İranın gələcəyində milli azlıqların rolu” mövzusunda konfrans keçirilib.

 

Konfransın keçirilməsinə təşəbbüs göstərən İsveç parlamenti, tədbiri İnsan Haqları Müdafiəçiləri Dərnəyi və sülh üzrə Nobel mükafatçısı Şirin İbadinin əməkdaşlığı ilə həyata keçirib.

 

Konfransda azərbaycanlılar tərəfindən Dr. Maşallah Rəzmi ana dilində təhsil hüququ, İran İslam Cümhuriyyətinin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri, Urmu gölü böhranı və azərbaycanlılara qarşı mədəni, ictimai, iqtisadi, siyasi və irqi ayrı-seçkilik məsələləri üzrə çıxış edib. O dünya ictimaiyyəti və insan haqları müdafiəçilərini İranda azərbaycanlıların mədəni mübarizəsinə dəstək verməyə çağırıb.

 

“Azərbaycan İranda demokratiya və modernitənin öncülü olub, lakin indi azərbaycanlılar digər etnik azlıqlar kimi ana dilində təhsil almaqdan məhrum edilib və bir çox iqtisadi, ictimai, siyasi və irqi ayrı-seçkiliklərə məruz qalıb. Hətta İran İslam Cümhuriyyətinin yalnış siyasəti nəticəsində  bizim ətraf-mühit problemlərimiz də artıb. Dünyanın ikinci şor gölü olan Urmu gölünün 95 faizi quruyub, onun yerində qalan 8 milyard ton duz yaxın gələcəkdə ətraf bölgələrə yayılarsa, gölün ətraf bölgələrində yaşayan 14 milyon insanın həyatı ciddi  təhlükə altına düşəcək.

İslam Cümhuriyyəti azərbaycanlı mədəni fəalları bir çox  təzyiqlərə məruz qoyur, onlar müxtəlif bəhanələrlə həbs və işgəncə edilir. Ötən Beynəlxalq Ana Dili Günü (21 Fevral) ərəfəsində 4 mədəni fəal həbs cəzasına məhkum edildi. Əkbər Azad 10 il, Əlirza Fərşi 15 il, Behnam Şeyxi 10 il və Həmid Mənafi 10 il azadlıqdan məhrum edildi, onlar həmçinin iki il sürgün edilmə cəzası ilə üzləşdilər. Fəallar 2014-cü ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə mərasim keçirdiklərinə görə məhkəmə tərəfindən cəzalandırılıb.

Azərbaycanda iqtisadi vəziyyət də acınacaqlıdır. Gənclər iş tapmaq üçün ölkənin digər bölgələrinə köçməyə məcbur olur. Belə bir iqtisadi vəziyyətdə Azərbaycan əhalisi Tehrandan  2, İsfahandan isə 7 dəfə çox vergi ödəyir!

Azərbaycan əhalisinin tələbi əsasında ölkə parlamentində 100 deputatın iştirakı ilə Türk Deputatlar Fraksiyonu yaradılıb. Ana dildə təhsil məsələsi və iqtisadi ayrı-seçkilik siyasətini dayandırmaq fraksiyonun əsas fəaliyyət istiqamətini təşkil edir.

İran çoxdilli və çoxmillətli bir ölkədir. Lakin hökumətin strukturu ölkənin etnik strukturuna uyğun gəlmir. Azərbaycanlılar və digər azlıqlar ikinci dərəcəli vətəndaş hesab olunur, onların təməl hüquqları əksəriyyəti fars olan İslam Cümhuriyyəti hökuməti tərəfindən tapdalanır”- deyə o çıxışının bir hissəsində deyib.

 

M.Rəzmi sözlərinin sonunda vurğulayıb ki, İran rejimi əhalinin əksəriyyətinə qarşı açıq-aşkar milli və məzhəbi aparteid sistemini tətbiq edir. Rejimin etnik azlıqlar və digər millətlərə qarşı ayrı-seçkilik siyasətini dayandırması və İnsan Hüquqları Bəyannaməsini riayət etməsi üçün ona təzyiq edilməlidir. Biz bu mübarizəmizdə dünya ictimaiyyəti və insan haqları müdafiəçilərindən dəstək gözləyirik. “Demokratiya və insan haqları uğrunda mübarizə aparan qadın və kişilər biz azərbaycanlılar və digər etnik azlıqların mübarizəsini unutmamalıdır”- deyə M.Rəzmi xüsusi vurğulayıb.

 

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN