Əli Xeyrcu sosial şəbəkələrdə ona qarşı edilən şantajlar haqda açıqlama yayıb

Əli Xeyrcu sosial şəbəkələrdə ona qarşı edilən şantajlar haqda açıqlama yayıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əli Xeyrcu sosial şəbəkələrdə ona qarşı edilən şantajlar haqda açıqlama yayıb.

 

Son günlərdə İranın gizli servisinə bağlı qüvvələr milli-mədəni fəal Əli Xeyrcu və daha iki fəalın şəkilini mərhum azyaşlı Atena Aslaninin şəkili ilə birlikdə yayaraq, azərbaycanlı fəalları azyaşlının qətlində ittiham ediblər.

 

Budan sonra Əli Xeyrcu yayılan yalan və gülünc ittihamlar haqda açıqlama yayıb.

 

Açıqlamada uzun illərdir Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda mədəni fəaliyyət apardığını, bu mübarizənin olduqca vacib olduğu vurğulayan fəal, fəaliyyət müddətində özü və digər əqidədaşlarının dəfələrlə məqsədyönlü şəkildə ittiham və təxribatlara məruz qaldığını diqqətə çatdırıb.

 

“Hicri-şəmsi təqvimi ilə 1385-ci ildə (İranda yeni il martın 21-də başlayır) baş tutan May (Xordad) qiyamından öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlandığım zaman, onlardan biri mənə dedi: Cənab Xeyrcu bizdə olan məlumata görə, sən halal və yaxşı bir ailədənsən, bəs nə üçün millətçi olub və öz keçmişinizi korlayırsan? Dedim ki, Millətin haqlarını tələb etmək hər insanın milli və ilahi borcudur və mən də həmin görəvə əsasən hərəkət etdim.

 

Bu kimi fəaliyyətlərə görə 1389-cu ildə yüksək lisansda təhsil almaq hüququndan məhrum edildim.

 

1390-cı ildə Ərdəbildə Urmu gölü ilə bağlı keçirilən etirak aksiyalarında bir neçə fəalla birlikdə yaxalandım. Saxlandığım zaman bir müstəntiq mənə dedi: Səncə Azərbaycana akademik təhsili olan birisi lazımdır, yoxsa sənin kimi fəhləlik edən və küçələrdə etiraz aksiyasına qoşularaq şüar səsləndirən birisi? Dedim ki, bizim həm şüarımız, həmdə əməlimiz millətin haqları üçündür. Millətin haqqını alim də istəyə bilər, fəhlə də. Əgər bizim imamımız və öncülümüz Həzrət Əlidirsə, o zaman bizə də elə bu düşər. İmamın halal çörək qazanmaq üçün əlləri qabar bağlayardı. O ədalət və haqq yolunda savaşdı, biz də onun kimi bütün sərvət və məqamlara göz yumaraq alın təri ilə halal ruzi qazanmalıyıq.

 

1392-ci ildə Urmu gölü dosyesi ilə əlaqədar Ərdəbil həbsxanasında olduğum zaman zindan rəisi belə dedi: Cənab Xeyrcu bildiyim qədər siz Ərdəbildənsiniz. Urmu gölünün dərdini çəkmək sənə qalıb? Mən cavab olaraq dedim: “Eşitdiyimə görə, siz İran-İraq müharibəsində Xürrəmşəhrdə olubsunuz. Orada sənə deyən oldu ki, sən ərdəbillisən, bəs Xürrəmşəhrdə nə edirsən?! Bəli, Səni oraya çəkib aparan məntiq, elə məni də bu mübarizəyə cəlb edib. Söhbət zülmə qarşı mübarizədən gedirsə, bura daha doğmadır.

 

1394-cü ildə məlum təhqiramiz “Fitilə” verilişi ilə əlaqədar etirazlarda tutulduğum zaman prokuror Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları ilə birlikdə təcridxanaya gəldi və tikanlı sözlər danışdı: “Sən burada olduğun müddətdə, bilirsən sənin xanımın harada olur?! Mən cavab olaraq dedim: Mənim və dostlarımın ailəsi tarix boyu zülmə qarşı vuruşanların ailəsinin durduğu və olduğu yerdədir. Lakin bunu dərk etmək üçün azad insan düşüncəsi lazımdır cənab prokuror! Sizə icazə vermərəm ki, bizi təhqir edəsiniz. Elə millətimizə olan bu təhqirlər bizi belə mübarizəyə cəlb etdi... .”- deyə açıqlamanın bir hissəsində qeyd olunub.

 

Əli Xeyrcu sonda qeyd edib: “Bu yazı ilə çatdırmaq istədim ki, belə təhqirlər və təxribatlar hər zaman olub. Şükürlər olsun ki, bizim millətin yanında alnımız hər zaman açıqdır. Əslində sosial şəbəkələrdə olan böhtan və təxribatlara qanun səssiz qalmamalıdır və səlahiyyətli orqanlar bu vəziyyətə qarşı tədbir görməlidir. Bütün hallarda belə ləkələr millətçilərə yapışmayıb və yapışmayacaq.”

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN