Etirazlar nəticə verdi: Qalmaqallı “Şəhrdari”-“Peykan” görüşünün hakim və nəzarətçilərinə qadağa tətbiq olundu

Etirazlar nəticə verdi: Qalmaqallı “Şəhrdari”-“Peykan” görüşünün hakim və nəzarətçilərinə qadağa tətbiq olundu

GünAz TV: Urmiyəli voleybol yetkililərin etirazından sonra qalmaqallı “Şəhrdari”-“Peykan” görüşünün hakim və nəzarətçilərinin fəaliyyətinə növbəti xəbərdarlığa qədər qadağa qoyulub.

 

Bu barədə Liqa Təşkilatı və İran Voleybol Federasiyasının Hakimlər Komitəsi birgə bəyanat yayıblar.

Bəyanat “Şəhrdari” komandasının şikayəti ilə bağlı Urmiyə voleybolunun yetkililəri ilə Voleybol Federasiyası məsullarının keçirdiyi iclasdan sonra yayılıb.

 

Bəyanatda bildirilir ki, super liqa yarışlarının 10-cu həftəsində “Şəhrdari”-“Peykan” görüşünün hakimləri Əli Əsğər Kazimi və Məhəmmədrza Ağayi və nəzarətçiləri Məhəmməd Həsən Xoşdel və Xəlil Yeganə Məcd növbəti xəbərdarlığa qədər öz fəaliyyətlərini dayandırmalıdır.

 

Bəyanatda baş verən hadisənin təfərrüatı şərh olunmayıb.

 

Qeyd edək ki, noyabrın 29-da Urmiyənin Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında keçirilən görüş hakimin “Şəhrdari”yə qarşı qərəzli qərarı ilə əlaqədar yarımçıq buraxılmışdır.

 

Bundan sonra İran Voleybol Federasiyasının İnzibati Komitəsi super liqa yarışlarının 10-cu həftəsində keçirilən görüşlə bağlı iclas keçirmişdir. “Şəhrdari”nin məğlub elan olunduğu iclasda belə bir qərar qəbul olunub:

1-     Görüşün nəticəsi 3:0 hesabı ilə “Peykan”ın xeyirinə elan olunub. Buna səbəb kimi “Şəhrdari”nin meydanı tərk etməsi göstərilib.

2-     “Peykan”ın kapitanı Səid Məruf və baş məşqçisi Peyman Əkbəri gələcək 1 görüşdə komandanın tərkibinə qatılmaqdan məhrum edilib.

3-     “Şəhrdari” komandası bir görüşdə tamaşaçısız oynayacaq.

4-     “Şəhrdari” komandası 10 milyon tümən cərimə ödəyəcək.

5-     Hakimlər və nəzarətçilərə şifahi xəbərdarlıq edilib. Onların barəsində əlavə qərar Liqa Təşkilatı və Hakimlər Komitəsində veriləcək.

 

Sözügedən oyundan sonra “Şəhrdari” voleybol komandasının baş məşqçisi Sasan Xudapərəst baş verən hadisəni “Təsnim” xəbər agentliyinə şərh etmişdir:

“Bu məsələdə biz təmami ilə haqlıyıq. Biz hakimin səhvinə görə meydanı tərk etmədik. Ona görə ki, hakimin səhvi də oyunun tərkib hissəsidir və hər an baş verə bilər. Bu oyunda voleybolun qanunu pozulub. Biz məhz qanunun pozulmasına etiraz etdik. Rəqib komandanın meydanında 7 oyunçu olub, bu voleybol qaydalarına ziddir. “Peykan” komandasının 7 oyunçusunu görən köməkçi hakim, ilk öncə bizim xeyirimizə qərar verdi. Əsas hakim isə onu təsdiqlədi. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişdi. Bu bizim bir xal (imtiyaz) itirməyimizə səbəb oldu, bununla heç bir şəkildə razılaşa bilmərik”- deyə baş məşqçi bildirmişdir.

 

Uzun illərdir Urmiyə İranın əsas voleybol qütblərindən biri sayılır. Meydanlarda bir çox uğurlara imza atan Urmiyənin “Şəhrdari” komandası bu il super liqa yarışlarında olduqca zəif çıxış edir. Son vaxtlar bu komandanın görüşlərində milli şüarlar səsləndirən gənclərin sayı xeyli artıb. Məhz bu səbəbdən komanda rejimin diqqətini çəkməyə başlayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN