Gözlənilən oldu: Voleybol Federasiyası Urmiyənin “Şəhrdari” komandasını məğlub elan etdi

Gözlənilən oldu: Voleybol Federasiyası Urmiyənin “Şəhrdari”  komandasını məğlub elan etdi

GünAz TV: Noyabrın 29-da Urmiyənin  Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında keçirilən görüş hakimin “Şəhrdari”yə qarşı  qərəzli qərarı ilə əlaqədar yarımçıq buraxılmışdır.

 

Dekabrın 14-də yayılan xəbərə görə, İran Voleybol Federasiyasının İnzibati Komitəsi super liqa yarışlarının 10-cu həftəsində keçirilən görüşlə bağlı iclas keçirib. “Şəhrdari” komandasının məğlub elan olunduğu iclasda belə bir qərar qəbul edilib:

1-     Görüşün nəticəsi 3:0 hesabı ilə “Peykan”ın xeyirinə elan olunub. Buna səbəb kimi “Şəhrdari”nin meydanı tərk etməsi göstərilib.

2-     “Peykan”ın kapitanı Səid Məruf və baş məşqçisi Peyman Əkbəri gələcək 1 görüşdə komandanın tərkibinə qatılmaqdan məhrum edilib.

3-     “Şəhrdari” komandası bir görüşdə tamaşaçısız oynayacaq.

4-     “Şəhrdari” komandası 10 milyon tümən cərimə ödəyəcək.

5-     Hakimlər və nəzarətçilərə şifahi xəbərdarlıq edilib. Onların barəsində əlavə qərar Liqa Təşkilatı və Hakimlər Komitəsində veriləcək.

 

Sözügedən oyundan sonra “Şəhrdari” voleybol komandasının baş məşqçisi Sasan Xudapərəst baş verən hadisəni “Təsnim” xəbər agentliyinə şərh etmişdir:

“Bu məsələdə biz təmami ilə haqlıyıq. Biz hakimin səhvinə görə meydanı tərk etmədik. Ona görə ki, hakimin səhvi də oyunun tərkib hissəsidir və hər an baş verə bilər. Bu oyunda voleybolun qanunu pozulub. Biz məhz qanunun pozulmasına etiraz etdik. Rəqib komandanın meydanında 7 oyunçu olub, bu voleybol qaydalarına ziddir. “Peykan” komandasının 7 oyunçusunu görən köməkçi hakim, ilk öncə bizim xeyirimizə qərar verdi. Əsas hakim isə onu təsdiqlədi. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişdi. Bu bizim bir xal (imtiyaz) itirməyimizə səbəb oldu, bununla heç bir şəkildə razılaşa bilmərik”- deyə baş məşqçi bildirmişdir.

 

Qeyd edək ki, güney azərbaycanlılar uzun illərdir Təbrizin “Traxtur” futbol komandasına qarşı edilən ayrı-seçkiliklərə şahiddir. Bunun əsas səbəbi komandanın görüşlərində Azərbaycanın milli və demokratik hüquqları ilə bağlı müxtəlif şüarların səsləndirilməsidir. Son vaxtlar “Şəhrdari” voleybol komandasının görüşlərində də milli şüar səsləndirən gənclərin sayı xeyli artıb. Məhz bu səbəbdən Azərbaycan komandasının rejimin qəzəbinə tuş gələcəyi gözləniləndir.

 

N.S 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN