Güney Azərbaycan yolları can almaqda davam edir

Güney Azərbaycan yolları can almaqda davam edir

GünAz TV: Güney Azərbaycanın müxtəlif məntəqələrində ölüm və xəsarət alma ilə nəticələnən bir neçə yol qəzası baş verib.

 

Zəncan Yol Polisi İdarəsinin rəisi polkovnik Şirməhəmmədinin cümə günü mətbuata verdiyi məlumata görə, Zəncan-Xürrəmdərə yolunda bir “Səmənd” markalı avtomobil yoldan çıxaraq aşıb, hadisə nəticəsində avtomobilin sürücüsü ölüb, 3 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Avtoqəzaya səbəb kimi yüksək sürət göstərilib.

 

Şərqi Azərbaycan Əyaləti Təcili Yardım Mərkəzinin məsulu Vəhid Şadiniya isə əyalət yollarında iki ağır yol qəzasının baş verdiyini deyib:

“Təbriz-Urmiyə yolunda, Saray yaxınlığında “Səmənd” və “Prayd” markalı minik avtomobilləri toqquşub, hadisə nəticəsində “Prayd”ın iki sərnişini həyatını itirib. Hər iki avtomobildə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, yaralılar dərhal xəstəxanaya çatdırılıb."

 

Vəhid Şadiniya digər yol qəzasının Şibli məntəqəsində kənd yolunda baş verdiyini bildirib. Bu hadisədə “Peykan” və “Pejo” markalı avtomobillər toqquşub, qəza nəticəsində “Pejo” markalı avtomobilin 45 yaşlı sürücüsü hadisə yerində keçinib, 3 nəfər isə ağır bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Qəzvin Əyaləti Təcili Tibbi Hadisələri İdarəetmə Mərkəzinin müdiri Peyman Namdar isə Qəzvin-Tehran yolunda “Peykan” markalı avtomobilin yoldan çıxaraq aşdığını bildirib. 

Zibaşəhrə yaxın yerdə baş verən qəzada 2 nəfər xəsarət alıb, onlardan birinin ağır yaralandığı qeyd olunur. Hər iki yaralı Qəzvinin Rəvayi xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər qəzalara əsas səbəb kimi yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN