Güney Azərbaycan yolları can almaqda davam edir

Güney Azərbaycan yolları can almaqda davam edir

GünAz TV: Koronavirus epidemiyası ilə əlaqədar avtomobil yollarında hərəkətin intensivliyinin azalmasına baxmayaraq Güney Azərbaycan yolları can almaqda davam edir.

 

Dünən Şərqi Azərbaycan Əyalətinin Əhər-Kəleybər yolunda baş verən qəzada 1 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Bu barədə Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mətbuata məlumat verib. Onun sözlərinə görə, “Peykan” markalı avtomobilin aşması nəticəsində xəsarət alan sərnişinlər Əhər şəhərinin Baqir-ul Ulum Xəstəxanasına çatdırılıb. Xəsarət alanlar arasında uşaqlar da var.

 

Bu hadisədən bir gün əvvəl isə Vəhid Şadiniya “Səmənd” markalı bir minik avtomobilinin Vərziğan-Xarvana yolunda aşdığını, hadisə nəticəsində 1 nəfərin öldüyünü, 5 nəfərin isə xəsarət aldığını açıqlamışdır.

 

O xəsarət alanların Vərziğanın Əllamə Cəfəri Xəstəxanasına aparıldığını bildirmişdir.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN