Güney Azərbaycanda Novruz bayramı şənlikləri davam edir

Güney Azərbaycanda Novruz bayramı şənlikləri davam edir

GünAz TV: Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində bir neçə gün öncə başlayan Novruz bayramı şənlikləri davam etməkdədir. Bayram tədbirlərində qədim adət-ənənələrin geniş şəkildə yer alması xüsusi diqqət çəkir.

 

Urmiyə 2 saylı Bələdiyyə İdarəsinin rəisi bu şəhərdə Novruz bayramı ilə bağlı müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.

 

“Urmiyədə 5000 ildən çox tarixi olan Təkəmçilər mərasimi yenidən canlandırıldı. İlaxır çərşənbə axşamından başlayan mərasim səyyar şəkildə şəhərin müxtəlif məntəqələrində həyata keçirilir və Novruz bayramınadək davam edəcək”- deyə Qulamrza hafezi deyib.

 

Bələdiyyə başqanı parklarda yerli yeməklərin hazırlanıb təqdim edilməsi, yumurta boyama, papaq atma (şal sallama) və s. adətərinin icra olunduğunu da bildirib.

 

Güney Azərbaycanın Həmədan şəhəri də Təbriz, Urmiyə və Ərdəbil kimi oxşar tədbirlərlə Novruz bayramını qarşılayıb.

 

Azərbaycanın qədim adətlərindən olan Kosa-Gəlin mərasimi Həmədan vilayətində yenidən canlandırılaraq bir çox şəhər və kənddə icra olunub. İran mətbuatının yaydığı məlumata görə, yerli əhali Azərbaycanın qədim adətləri unudulmasın deyə Novruz bayramı ərəfəsində belə tədbirlərlə çıxış ediblər.

 

Həmədan Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının  rəisi Əli Malmir isə yerli adət-ənənələrdən ibarət olan çox sayda  proqramın Novruz tədbirləri sırasında yer aldığını qeyd edib. “Həmədan Mədəni İrs Təşkilatı, Səfər Mərkəzi və Onluq Komitələrinin nəzərdə tutduğu proqramlardan başqa yerli adət-ənənələrə uyğun olaraq 176 proqramı Novruz tədbirləri çərçivəsində icra edib. Bu istiqamətdə Həmədan Vilayətində 14 əl işləri və hədiyyə sərgisi də açılıb. Biz bu kimi tədbirlər vasitəsi ilə həm də bölgədə turizm sahəsinin inkişafına yardım etməyə çalışırıq”- deyə o bildirib.

 

Qeyd edək ki, Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bu bayram dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN