Güney azərbaycanlı fəalların iştirakı ilə Cenevrədə insan haqları mövzusunda 10-cu illik konfrans keçirilib

Güney azərbaycanlı fəalların iştirakı ilə Cenevrədə insan haqları mövzusunda 10-cu illik konfrans keçirilib

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki baş qərargahında millətlərin hüquqlarını müdafiə edən fəalların 10-cu illik konfransı keçirilib.

 

Dekabrın 1-dən başlayaraq iki gün davam edən konfransda müxtəlif millətlərinin nümayəndələri iştirak edib. Nümayəndələr insan haqları mövzudunda öz millətlərinin problemləri barəsində qısa məruzə ilə çıxış ediblər.

 

Konfransda Güney Azərbaycandan "Arc Association dh" orqanizasiyası tərəfindən tanınmış siyasi-mədəni fəal xanım Jalə Təbrizi və " Association de Güney" orqanizasiyası tərəfindən insan haqları müdafiəçisi Mənsur Seyfi iştirak edib. Tanınmış fəal Həmdulla Süleymani Fərd həyat yoldaşı ilə birlikdə Güney Azərbaycan nümayəndələrini müşayiət edib.

 

 

Konfransda türkmənləri Yusif Kor, qaşqay türklərini isə  “Qaşqay Qardaşları Orqanizasiyası” tərəfindən Ruhulla Muradi Qaşqay təmsil edib.

 

Xanım Jalə Təbrizi öz çıxışında Güney Azərbaycanda gənclərin durumu, məişət problemləri, qadın haqları məsələsi və Urmu gölü böhranı ilə bağlı danışıb, bu barədə İran dövlətinə təklif və tələblər irəli sürüb.

 

Güney Azərbaycan tərəfindən danışan digər çıxışçı Mənsur Seyfi isə öz çıxışını azərbaycanlıların təhsil sahəsindəki problemləri və ana dilində təhsil məsələsinə həsr edib.

 

Yusif Kor və Ruhulla Muradi Qaşqay isə türkmən və qaşqay türklərinin müxtəlif sahələrdə qarşılaşdıqları ayrı-seçkilik və problemlərdən söz açıblar.

 

Ruhulla Muradi Qaşqayın çıxışı İran rejimi nümayəndəsinin sərt etirazına səbəb olub. O əsəbi halda yumruğunu stola vuraraq çıxışçının dilə gətirdiyi sözlərə etiraz edib. İran nümayəndəsi İslam Cümhuriyyəti haqqında “rejim” ifadəsi işlətməyə və ölkəsinin çoxdilli ölkə adlandırılmasına sərt reaksiya verib. O insan haqları müdafiəçiləri və siyasi fəalların bütün dediklərini inkar edərək İranda heç bir ayrı-seçkiliyin olmadığını, konstitusiyanın bütün qövmlərə (İran nümayəndəsi millətləri qövm adlandırıb) eyni hüquq tanıdığını iddia edib.

 

Türk fəalların bu kimi beynəlxalq tədbirlərdə iştirak etməsi Güney Azərbaycan məsələsinin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, bəzən İran rejimini cavab vermək məcburiyyətində qoyur. Cenevrədə keçirilən konfransda İran nümayəndəsinin əsəbləşərək etiraz etməsi, insan haqları müdafiəçilərinin qarşısında aciz vəziyyətdə olduğunu göstərib.

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN