İran televiziyası azərbaycanlı alimin işgəncələr altında etdiyi etirafı yayıb / İran İnsan Haqları Təşkilatı bu hərəkəti qınayıb – VİDEO

İran televiziyası azərbaycanlı alimin işgəncələr altında etdiyi etirafı yayıb / İran İnsan Haqları Təşkilatı bu hərəkəti qınayıb – VİDEO

GünAz TV: İran rejimi əsassız şəkildə İsrailə casusluq etməkdə günahlandırdığı azərbaycanlı araşdırmaçı-alim Prof. Dr. Əhmədrza Calalinin ruhi və cismi işgəncələr altında etdiyi etirafı televiziyadan yayıb.

 

Ə.Calali bundan öncə ailəsinə kamera qarşısında etiraf etməyə məcbur edildiyini bildirib.

 

Bazar günü yayılan videoda o qətlə yetirilmiş iki iranlı nüvə alimi haqda İsrail kəşfiyyatına məlumat ötürdüyünü deyib.

İran bundan öncə həmin məsələ ilə bağlı bir nəfəri terrorda günahlandıraraq edam edib.

 

https://www.youtube.com/watch?v=3alDBaWQq0Y

İşgəncələr altında alınmış qondarma etiraf

 

Azərbaycanlı alim İsrailə casusluq ittihamı ilə məhkəmə tərəfindən edama məhkum edilib, hökm ötən həftə ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

 

Ə.Calalinin həyat yoldaşı “Radio Fərda”ya bildirib ki, ona 3 ay təknəfərlik kamerada saxlandığı müddətdə ailəsi ilə ayda bir dəfə, o da bir dəqiqəlik söhbət icazəsi verilib. O həmçinin aylarca vəkili ilə əlaqə saxlaya bilməyib.

 

“Həbsxanada ona bildirilib ki, sənin övladların öldürüləcək. Lakin etiraf etsən bu məsələ öz həllini tapacaq və azadlığa buraxılacaqsan”- deyə müttəhimin   həyat yoldaşı əlavə edib.

 

Ə.Calalinin anası da İran İnsan Haqları Təşkilatına oxşar sözləri bildirib. “Əhmədrzanı təhdid ediblər ki, əgər bizimlə əməkdaşlıq etməsən sənin övladların isveçdə (Sued) öldürüləcək. O uzun müddət böcək və qarışqalarla dolu təknəfərlik kamerada saxlanılıb. Oğlum 209-cu korpusda ağır söyüşlərlə təhqir edilərək gözləri bağlı şəkildə sorğu-suala tutulub”- deyə alimin anası qeyd edib.

 

Müxtəlif qurum və şəxslər, o cümlədən İnsan haqları Təşkilatları, Avropada yaşayan azərbaycanlı alimin İranın kəşfiyyat və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə edama məhkum edildiyinə inanır.

 

İranın Ettelaat məmurları, uzun müddət təknəfərlik kamerada saxlamaq, ruhi və cismi işgəncəyə məruz qoymaq, habelə yalan vədlər verməklə bu kimi etirafları alır və televiziyada yayırlar.

 

İran İnsan Haqları Təşkilatı azərbaycanlı alimin işgəncələr altında etdiyi etirafın televiziyadan yayılmasını sərt şəkildə qınayıb.

 

“İranda məcburi etiraf almaq, həmin etiraflar əsasında məhkəmə hökmü çıxarmaq faktı yeni hadisə deyil. Şübhəsiz ki, bu kimi etiraflar, həm də belə məhkəmə hökmləri qanunsuzdur, heç bir legitimliyi yoxdur”- deyə İran İnsan Haqları Təşkilatının sözcüsü Mahmud Əmiri Müqəddəm bildirib.

 

Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Federika Moqereninin sözçüsü Katerin Rey isə edama məhkum olunmuş azərbaycanlı alimin işi ilə yaxından maraqlandıqlarını bildirib.

 

“Avropa Birliyi bu barədə İran rəhbərliyi ilə əlaqə saxlayır. Ötən həftələrdə bu haqda tərəflər arasında müəyyən müzakirələr də olub”- deyə Katerin Rey bildirib.

 

O əlavə edib ki, Avropa Birliyi Ə.Calalinin edam hökmünə qarşı olduğunu İran rəhbərliyinə rəsmi şəkildə çatdırıb.

 

Katerin Rey

 

Qondarma ittihamla üzləşən azərbaycanlı alim islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin (Sued) Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

 

Ə.Calali Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib, məhkəmə prosesinin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.

Müstəntiqlər istintaq aparıldığı zaman ona bildiriblər ki, bizimlə əməkdaşlıq etmədiyin üçün sənə ağır ittiham irəli sürüləcək.

 

Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN