İranın “Şərq” qəzeti qondarma "DQR"nın rəsmisindən müsahibə alıb / D.Qarabağ müstəqil ölkə kimi təqdim olunub

İranın “Şərq” qəzeti qondarma

GünAz TV: İran rejiminin iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı Zəncan, Təbriz, Ərdəbil və Qum şəhərində keçirdiyi anım mərasimindən bir neçə gün keçməmiş, bu ölkənin “Şərq” qəzeti Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat xarakterli məlumat yayıb.

 

Panfarsist məktəbinin mətbuat orqanı kimi qəbul olunan qəzetin müxbiri dekabrın 2-də özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan aldığı müsahibəni qəzetdə dərc edib. Müsahibə panfarsizm təfəkkürü ilə seçilən Salar Seyfəddini tərəfindən alınıb. O uzun müddətdir anti-türk “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edir.

 

S.Seyfəddini yaydığı müsahibənin başlanğıcında qeyd edib ki, “əksər xəritələrdə Dağlıq Qarabağla bağlı heç bir əsər-əlamət yoxdur. Lakin özünü müstəqil dövlət elan edən D.Qarabağ bir geopolitik gərçək kimi Cənubi Qafqazın əsas oyunçularından biridir. Geopolitik baxımdan bir ölkənin diplomatik olaraq tanınması ikinci dərəcəli məsələdir, dövlət müəyyən bir ərazidə hökumət dayaqlarını gücləndirərək tədricən ortalığa çıxır”-deyə o bildirib.

 

“Şərq” qəzeti D.Qarabağ əhalisinin təxminən 80 faizinin erməni olduğunu qeyd edərək Sovet Hökuməti dağıldığı zaman yerli məclis D.Qarabağın Ermənistana ilhaq edilməsi haqda qərar qəbul etdiyini yazıb. “Sovet Hökuməti dağıldıqdan sonra digər respublikalar kimi D.Qarabağda müstəqillini elan etdi. Bu məntəqənin 80 faizi erməni olduğu üçün onlar yaxın ərazidə yerləşən İrəvana tabe olmaq istədilər. Bundan sonra Azərbaycan və Ermənistan arasında münaqişə yarandı, nəticədə Azərbaycan D.Qarabağdan başqa xeyli ərazi itirdi”- deyə yazıda qeyd olunub.

 

Dağlıq Qarabağ müharibəsi zamanı öz torpaqlarından didərgin salınmış insanlar

 

S.Seyfəddini sözlərinin davamında əlavə edib ki, “İranın bu məntəqə ilə 138 kilometr sərhəddi var. Bu Ermənistanla olan sərhəddən 100 kilometr daha çoxdur. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.”

 

İran qəzetinin D.Qarabağı müstəqil ölkə kimi qələmə verməsi, qondarma respublikanın sözdə xarici işlər nazirindən müsahibə alması, bu ərazilərin İran üçün önəmli olduğuna eyham vurması və s. azərbaycanlı milli hərəkat fəallarının xüsusi etirazına səbəb olub.

 

Dağlıq Qrabağı, “Artsax Respublikası” adı ilə təqdim edən Masis Mailyan isə İranın Dağlıq Qarabağ siyasətini olduqca müsbət və ermənilərin xeyirinə hesablandığını deyib. O işğal olunmuş Dağlıq Qarabağdan kənar rayonlarla bağlı bildirib ki, “Bizim kontrolumuzda Artsaxdan kənar ərazi yoxdur. Nə varsa Artsaxdır. Doğrudur, Artsaxdan kənar Şahumyan əyaləti kimi torpaqlar da mövcuddur, amma onlar hazırda Azərbaycan Cümhuriyyətinin kontrolundadır. Bu ərazilər Artsaxın 15 faizini təşkil edir”- deyə M.Mailyan bildirib.

 

Qeyd edək ki, son günlərdə İran İslam Respublikasında Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli tədbirlərin sayı artıb. Ötən günlərdə Zəncan, Təbriz, Ərdəbil və Qum şəhərlərində iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı anım mərasimləri keçirilib, mərasimlərdə Azərbaycana qarşı bəyanatlar yayılıb. Bundan əlavə İranın “Rəzəvi xəbər agentliyi” və “Sarəllah-i Zəncan” nəşriyyəsi Nardaran hadisələri ilə bağlı məqalələr dərc edərək dini radikalizmi Azərbaycan Respublikasına ötürməklə bağlı radikal və təhrikedici ifadələrdən istifadə ediblər.

 

“Şərq” qəzetinin yaydığı müsahinənin Linkinə buradan daxil ola bilərsiniz.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN