İranlı universitet müəllimi: “Qoyun Urmu gölü qurusun”

İranlı universitet müəllimi: “Qoyun Urmu gölü qurusun”

GünAz TV: İran rejiminin kütləvi informasiya vasitələri (KİV) Güney Azərbaycannın Urmu gölünün quruması ilə bağlı psixoloji zəmin yaradır.

 

Hökumətə bağlı kütləvi informasiya vasitələri vaxtaşırı Urmu gölünün qurudulmasını hökumətdən tələb edən universitet müəllimi Pərviz Kərduvaniyə üz tutub, onun Urmu gölü ilə bağlı fikirlərini yenidən öyrəniblər. “İran səhraşünaslığının atası” adlanan Pərviz Kərduvanının səsləndirdiyi qeyri-elmi fikirlər, bu dəfə “Qoyun Urmu gölü qurusun” başlığı ilə hökumət mətbuatında dərc olunub.

 

 

“İllər öncə dedim ki, Urmu gölünə su axıtmaq, onu bu şəkildə qurtarmağa çalışmaq qeyri-elmi bir işdir və heç bir nəticəsi olmayacaq. Urmu gölü, kənd təsərrüfatı yalnış bir üsulla inkişaf etdirildiyi üçün bu vəziyyətə düçar olub. Gölün 3 su mənbəyi var: 1) Yağıntı 2) çay suları 3) yeraltı sular. Əkinçilər tərəfindən qazılan çox sayda su quyusu nəhayət ki, suyun səviyyəsini aşağı saldı. Mən Urmiyənin millət vəkili cənab Nadir Qazipurun yazdığı məktuba görə, Qərbi Azərbaycan Əyalətinə səfər etdim. Məlikan və Binabdan başlayaraq  sonda Urmiyəyə çatdım, orada oturub ağladım. Dedim ki, Urmu gölü artıq bərpa olunmayacaq, bu qeyri-mümkündür. Məsullar indi özləri də deyir ki, gölə böyük həcmdə su axıdılır, lakin yenə də suyun səviyyəsi aşağı düşür. Ona görə ki, gölün ətrafında çox sayda su quyusu qazılıb və əkinçilər tərəfindən istifadə olunur. Hazırda göl ətrafında 700 kəndin içməli suyu şorlaşdığı üçün əhali bölgəni tərk edir. Millət vəkilləri də bu barədə xəbərdarlıq ediblər.

 

Prezidentin qardaşı Aşura günü mənə zəng edib dedi ki, “mənə deyiblər ki, professor Kərduvani Urmu gölünün qurumasını istəyir.” Mən ona cavab olaraq dedim ki, bəli göl qurumalıdır. Urmu gölü xərçəngə tutulmuş bir xəstəyə oxşayır. Bu xəstəlik günü-gündən böyüyür və inkişaf edir. Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi bildirir ki, “əgər Kərduvani deyibsə, Urmu gölü qurumalıdır, biz gölü öz başına buraxmalıyıq?”. Xeyir, o zaman buyurun xərcləyin. Bir daha deyirəm gölü bərpa etmək mümkün deyil. Dövlət özü də bunu başa düşdü, ona görə də vəsait xərcləməyi dayandırdı”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Urmu gölü ətrafında əkinçilər tərəfindən qazılan su quyularını yaranan böhranın əsas səbəbi kimi göstərən Pərviz Kərduvani, gölün qurumasından bəhrələnmə yollarını da göstərməyə çalışıb. “Urmu gölünün quruması hər bir iranlı üçün pis xəbərdir, lakin onun da öz bərəkətləri var. Göl dərhal qurudulmalıdır. Hətta gölə su axıdılsa da, bu heç bir nəticə verməyəcək. Ölkənin yüksək miqdarda duza ehtiyacı var. Urmu gölünün duzu çox keyfiyyətli duzdur. Ondan hətta diş pastasında da istifadə etmək olar. Birinci duzu toplayıb, sonra orada bitkilər əkmək lazımdır. Orada ilin 9 ayında yağıntılar olur, 3 il sonra yaxşı bir bitki parkına şahid ola bilərik”- deyə o əlavə edib.

 

İran rejiminə yaxın kütləvi informasiya vasitələrinin Pərviz Kərduvaninin qeyri-elmi fikirlərini vaxtaşırı gündəmə gətirməsi və Urmu Gölünü Canlandırma Mərkəzinin belə mənasız sözlərə səssiz qalması heç də təsadüfi deyil. Bütün bunlar əhalini psixoloji olaraq Urmu gölünün qurumasına hazırlamaq və gölün canlandırılmasına dair siyasilərin səsləndirdiyi fikirlərə haqq qazandırmaq məqsədi güdür. Kütləvi informasiya vasitələri bununla məsuliyyəti dövlət orqanlarının üzərindən götürüb, böhranı iqlim və coğrafi şəraitlə əlaqələndirmək istəyirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN