Mədənçilərə etiraz edən Sarıcalı əhalisinin məhkəmə iclası keçirilib

Mədənçilərə etiraz edən Sarıcalı əhalisinin məhkəmə iclası keçirilib

GünAz TV: Tikantəpə bölgəsində yerləşən Sarıcalı əhalisi, kəndin ətrafında polimetal mədənində iş aparan sahibkarlara qarşı etiraz etdiklərinə görə mühakimə olunublar.

 

Sahibkar Sadiq Əsğərinin şikayəti əsasında məhkəməyə çağırılan kənd əhalisi dekabrın 7-də Tikantəpədə  məhkəmə qarşısına çıxarılıb. İclasın 2 saat təxirlə başladığı və bu müddətdə S.Əsğərinin prokuror və hakimlə söhbət etdiyi bildirilir.

 

Sarıcalı kəndindən olan iki ağsaqqal bütün kənd əhalisi tərəfindən məhkəmədə danışıblar. Məlumata görə, sahibkar məhkəmə qarşısında mədənin 1 faiz səhmini kənd əhalisinə verməyi təklif edib, lakin qarşı tərəf bu gülünc təklifi qətiyyətlə rədd edib.

 

Kənd əhalisi məhkəmə tərəfindən şallaq cəzası ilə təhdid edilib.

 

Məhrumiyyət içində yaşayan Sarıcalı kəndi əhalisi normal kənd yolu və içməli su təchizatı imkanlarından məhrumdur. Mədənin yerləşdiyi məntəqə kənd əhalisinin əkin və hətta içməli su mənbəyi sayılır.

 

Oktyabr ayında Sarıcalı kənd əhalisi ilə mədənçilər arasında iki dəfə qarşıdurma yaşanıb.

 

Sarıcalı kəndinin Polimetal mədənində mis, qurğuşun, sink (ruy), dəmir və az miqdarda qızıl metalları mövcuddur. Mədən, Sarıcalı kəndinin 500 metrliyində yerləşir və ölkə qanunlarına görə bu mədəndə iş aparmaq qeyri-qanuni hesab olunur. Lakin mədənçilər hökumət orqanları ilə olan münasibətlərindən istifadə edərək mədəndə istehsal işlərinin aparılması ilə bağlı lisenziya almağa nail olublar.

Kənd əhalisi mədəndən qalxan tozlar və onların kəndi bürüyəcəyindən ehtiyatlanır. Onlar ağır texnikanın əkin yerləri və nəticədə heyvandarlıq işlərinə də ziyan vuracağını düşünür.

 

Mədənin bir neçə sahibkara aid olduğu bildirilir. Onlardan biri isfahanlı, digəri isə uzun illər öncə Qum şəhərinə köçmüş, Elmi-hözvədə işləyən əslən tikantəpəli Sadiq Əsğəridir. Onların “Sepah”la əməkdaşlıq etdiyi bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN