Parlament Urmu gölü ilə bağlı prezidentə ünvanlanan sual barədə susur

Parlament Urmu gölü ilə bağlı prezidentə ünvanlanan sual barədə susur

GünAz TV: Urmu gölü ilə bağlı deputatların ölkə prezidenti Həsən Ruhaniyə ünvanladığı sual haqda müraciət 16 gün öncə parlament sədri Əli Laricaniyə təqdim olunub, lakin Parlamentin Rəyasət Heyəti hələ də bu məsələni gündəmə gətirməyib.

 

Bu barədə “Anac” xəbər agentliyinə danışan Vərziğanın millət vəkili Rza Əlizadə Parlamentin Rəyasət Heyətini sərt tənqid edib. O müraciəti imzalayan deputatlardan biridir.

 

Millət vəkilinin bildirib ki, müraciəti imzalayan 115 millət vəkili noyabrın 13-də prosesin bu qədər uzanmasının səbəbini soruşacaqlar. Onun sözlərinə görə, Parlamentin Rəyasət Heyəti prezidentə ünvanlanan sual haqda bu günə qədər susub, məsələyə laqeyd münasibət sərgiləyib.

 

“Urmu gölü məsələsi siyasi düşərgə mənsubiyyətindən asılı olmayaraq hər kəsin və bütün ölkənin məsələsidir. Bu məsələdə əl-ələ vermək lazımdır. Urmu gölü böhranı  ətraf mühit nöqteyi-nəzərindən ölkənin böyük bir hissəsini təhdid edən məsələdir. Ona görə də siyasi düşərgə mənsubviyyətindən asılı olmayaraq müraciəti bir çox millət vəkili imzalayıb”- deyə Rza Əlizadə bildirib.

 

Vərziğanın millət vəkili vurğulayıb ki, “biz prezidentə ünvanladığımız sual məsələsində ciddiyik, müraciət Parlamentin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən  sonra prezidentin parlamentə gəlməsini və suallara cavab verməsini gözləyəcəyik. Hökumət bizə cavab verməlidir. Ona görə ki, bu günə qədər Urmu gölü ilə bağlı dövlətin gördüyü işlərin heç bir qəbul olunası deyil.”

 

Urmu gölünü canlandırmaq və “türk dili və ədəbiyyatı mədəniyyət evi”nin yaradılması Həsən Ruhaninin seçkilər  öncəsi Azərbaycan əhalisinə verdiyi əsas vədlər olub, təxminən 5 il müddətində verilən vədlərin heç biri yerinə yetirilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN