Qərbi Azərbaycan İslahatçılar Şurası vali postuna kürd kökənli Fridun Hümmətinin təyin edilməsinə qarşı çıxdı

Qərbi Azərbaycan İslahatçılar Şurası vali postuna kürd kökənli Fridun Hümmətinin təyin edilməsinə qarşı çıxdı

GünAz TV: Azərbaycan ictimaiyyətinin Qərbi Azərbaycana kürd kökənli Fridun Hümmətinin vali təyin edilməsinə qarşı kəskin etirazları bir sıra qurumların mövqeyinə ciddi təsir edib.

 

Son məlumata görə, Qərbi Azərbaycan İslahatçılar Şurası hökumətin kürd qruplaşmalarının lobbiçiliyi nəticəsində Qərbi Azərbaycana vali kimi nəzərdə tutduğu Fridun Hümmətinin bu posta təyin edilməsinə qarşı olduğunu açıqlayıb.

 

Bu barədə Qərbi Azərbaycan İslahatçılar Şurasının Teleqram kanalında bəyanat yayılıb.

 

“Əldə edilən infomasiyaya görə, Qəzvinin hörmətli valisi cənab Fridun Hümməti Daxili İşlər Nazirliyi tərəfindən Qərbi Azərbaycanın gələcək valisi kimi nəzərdə tutulub.

Diqqətə çatdırmaq istəyirik ki, həmin şəxsin siyasi mövqeyi islahatçılar və hörmətli prezident Həsən Ruhaniyə səs verən seçicilərin mövqeyinə uyğun deyil. Həmçinin Qərbi Azərbaycan müxtəlif ölkələrlə həmsərhəddir, burada müxtəlif qövmlər və mədəniyyətlər mövcuddur. Əyalətdə çoxlu iqtisadi, siyasi və ictimai problemlər də var. Düşünürük ki, F.Hümməti belə bir əyaləti idarə etmək imkanına malik deyil. Bu barədə hətta cənab H.Ruhaninin Qərbi Azərbaycanda olan seçki qərargahları nümayəndələri də prezidentə məktub yazaraq sözügedən təyinata qarşı olduqlarını bildiriblər”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Qərbi Azərbaycan İslahatçılar Şurasının bəyanatında bildirilib ki, “İran İslam Cümhuriyyətində əhaliyə xidmət etmək üçün çoxlu imkanlar var. Biz cənab F.Hümmətiyə digər postlarda uğurlar arzulayırıq.”

 

Bundan öncə Urmiyənin İran parlamentindəki millət vəkilləri  Nadir Qazipur, Ruhulla Həzrətpur  və Hadi Bahaduri F.Hümmətinin vali postuna təyin edilməsi ilə bağlı kəskin etirazlarını bildiriblər.

 

İran rejimi Qərbi Azərbaycan Əyalətində azərbaycanlı vəzifəli şəxslərin yerinə kürdləri gətirməklə bölgənin kürdləşdirilməsi prosesini sürətləndirməyə çalışır. Bu istiqamətdə ötən ay Azərbaycanın demokratik və milli hüquqlarını müdafiə edən Qərbi Azərbaycan Valiliyinin İctimai-Mədəni Bölümünü rəisi doktor Huşəng Ətapur və Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu tutduğu vəzifələrindən uzaqlaşdırılıb.

 

F.Hümməti İlam kürdlərindəndir. O bundan öncə Tehran tərəfindən Qərbi Azərbaycan Teleradio Şirkətinin rəisi postuna təyin edilib. F.Hümməti rəsmi fəaliyyəti müddətində Mahabad kürd şəbəkəsinin gücləndirilməsi istiqamətində xüsusi addımlar atıb, onlara müxtəlif yollarla yardım göstərib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN