Qərbi Azərbaycanda boşanmaların sayı artıb

Qərbi Azərbaycanda boşanmaların sayı artıb

GünAz TV: Güney Azərbaycanda İqtisadi tənəzzüldən dolayı ictimai problemlər getdikcə daha da geniş miqyas almaqdadır.

 

Son məlumata görə, Qərbi Azərbaycan Vilayətində boşanma halları artıb, boşanmaların əksəriyyəti evlilik həyatının birinci illərində baş verir.

 

Bu barədə Qərbi Azərbaycan Nikahların Qeydiyyatı İdarəsinin rəisi Məhəmməd Heyrətəngiz Valilikdə Milli Cəmiyyət Günü münasibəti ilə keçirilən iclasda çıxış edərkən məlumat verib.

 

“Qərbi Azərbaycanda boşanmaların sayı ötən il (hicri-şəmsi təqvimi ilə 1395-ci il) əvvəlki ilə nisbətən 2.7 faiz artıb. Boşanan ailələrin yarıdan çoxu 1 ildən 4 ilədək birlikdə yaşayıb sonra ayrılıblar. Bu statistik rəqəm olduqca düşündürücüdür, gənc cütlüklərə dəstək verilməlidir”- deyə o vurğulayıb.

 

Nikahların Qeydiyyatı İdarəsinin rəisi ötən ildə qeydə alınan nikahların sayının artdığını da diqqətə çatdırıb. “Statistik rəqəmlər göstərir ki, 1395-ci ildə (hicri-şəmsi təqvimi ilə) bir il əvvəllə müqayisədə qeydə alınan  nikahların sayı 1.7 faiz artıb. Nikaha girənlərin əksəriyyəti 20-25 yaş arası qızlar və 25-29 yaş arası oğlanlar olub”- deyə Məhəmməd Heyrətəngiz bildirib.

 

Qeyd edək ki, İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda işsizlik, yoxsulluq və narkomaniyanın (mötadlıq) artması cəmiyyətdə bir çox problemlərə yol açıb. Min bir arzu ilə ailə quranlar, nikah bağlayanlar sonda ictimai bir bəlanın qurbanı olaraq boşanma həddinə gəlib çıxırlar. Bu vəziyyət Güney Azərbaycanın bütün bölgələrində müşahidə olunur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN