Qərbi Azərbaycanın kürd valisinin iddiasına rəğmən sərhədçilərin “Pejak” tərəfindən şəhid edildiyi təsdiqləndi

Qərbi Azərbaycanın kürd valisinin iddiasına rəğmən sərhədçilərin “Pejak” tərəfindən şəhid edildiyi təsdiqləndi

GünAz TV: İran Daxili İşlər Nazirliyinin təhlükəsizlik məsələləri üzrə müavini Qərbi Azərbaycan Əyalətinin Çaldıran şəhərində baş verən terror aktında 8 türk sərhədiçinin “Pejak” terror qruplaşması tərəfindən şəhid edildiyini təsdiq edib.

 

Bu barədə Hüseyn Zülfiqari Gənc Jurnalistlər Klubunun müxbiri ilə danışıqda məlumat verib.

 

“Bu ana qədər əldə olunan məlumata görə, hadisə “Pejak” terror qruplaşması tərəfindən törədilib. Təhlükəsizlik qüvvələri bölgədə vəziyyəti nəzarətə götürüb, şübhəsiz ki, “Pejak”la bağlı bir sıra işlər görüləcək”- deyə o bildirib.

 

Noyabrın 3-də Türkiyə ilə sərhəddə yerləşən Güney Azərbaycanın Çaldıran şəhərində “Pejak” terrorçuları 8 sərhədçinin olduğu avtomobilə silahlı hücum edərək onları qətlə yetiriblər. Şəhidlərin 7-ı Azərbaycan, biri isə Türkmən türklərindəndir.

 

Bundan öncə İran rəsmiləri terror aktının kürd terror qruplaşması tərəfindən törədildiyini gizlətməyə çalışaraq onları “terrorçu qrup”, “quldur silahlılar” və s. kimi adlarla təqdim etmişdir. Bu xəbər hətta İranın əksər rəsmi mətbuat orqanları tərəfindən baykot edilmişdir.

 

Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyari isə “Tabnak” saytına verdiyi açıqlamada “Pejak” terror təşkilatının bölgədə mövcud olduğunu inkar etmişdir. “Bu terror qruplaşmaları təxminən artıq mövcud deyillər. Təhlükəsizlik qüvvələri, İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”), “Seyidol Şohəda” Qərargahının üzvləri və polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində artıq Qərbi Azərbaycanda bu sahədə problemimiz yoxdur”- deyə vali bəyan etmişdir.

 

Son günlərdə Azərbaycan şəhərlərində kürd terror qruplaşmasının aktivləşməsinə qarşı etirazlar artıb.  Oktyabrın 6-da Urmiyədə keçirilən voleybol yarışında “Şəhrdari” komandasının tərəfdarları Çaldıranda baş verən qanlı terrorla bağlı qara plakatlar qaldırıb və müxtəlif şüarlar səsləndiriblər. Bazar günü isə Xoyda Çaldıran şəhidlərinin dəfn mərasimi zamanı terror hadisəsinə etiraz edən bir neçə soydaşımız polis tərəfindən saxlanılıb. Onlar əllərində “Başın sağ olsun Azərbaycan” posteri daşıyarkən yaxalanaraq naməlum istiqamətə aparılmışdır.

 

Ötən aylarda Qərbi Azərbaycanın müxtəlif məntəqələrində “Pejak” və Kürdistan Demokrat Partiyası tərəfindən bir neçə terror aktı törədilib, nəticədə onlarla azərbaycanlı əsgər və dinc sakin həyatı itirib vəya müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN