Qumda Bələdiyyə İdarəsi işçiləri tərəfindən döyülən azərbaycanlı səyyar satıcı ölüb - Video

Qumda Bələdiyyə İdarəsi işçiləri tərəfindən döyülən azərbaycanlı səyyar satıcı ölüb - Video

GünAz TV: İranda Bələdiyyə İdarəsi işçilərinin səyyar satıcılara qarşı hücuma keçməsi növbəti dəfə mətbuatın gündəminə düşüb.

 

Bazar günü Qum şəhərinin meyvə-tərəvəz bazarında etiraz aksiyası keçirilib, satıcılar işlərini dayandıraraq bazarı bağlayıblar. Etiraz aksiyasına səbəb, 6-ci gün bir satıcının Bələdiyyə İdarəsi işçiləri tərəfindən döyülməsi, bunun nəticəsində həmin şəxsin həlak olmasıdır. Əllərində plakat daşıyan etirazçılar, Bələdiyyə İdarəsindən həmkarlarının ölümünün səbəbi ilə bağlı açıqlama gözlədiklərini elan ediblər.

 

 

“Rokna” saytında yayılan Videoda görünür ki, Bələdiyyə İdarəsinin işçiləri bir satıcıya qarşı hücuma keçib, onun “Peykan-vanet” markalı maşınını zəbt etmək istəyirlər.

 

Bələdiyyə İdarəsi, səyyar satıcıya qarşı heç bir zorakılıq edilmədiyini, sadəcə ona xəbərdarlıq edildiyini bildirib.

 

Qum Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi Seddiqi Axa isə bəyan edib ki, “ilkin araşdırmalara görə, onun döyülərək öldüyünə dair heç bir sübut yoxdur. Hələlik onun ürək infarktından öldüyü ehtimal olunur. Lakin bu barədə tibbi ekspertiza yekun rəyini açıqlayacaq.”

 

Məsələyə Qum şəhərinin prokuroru Mehdi Kahə də münasibət bildirib. “Hadisə ilə bağlı Bələdiyyə İşçilərinin 5-i idarəyə çağırılaraq sorğu-sual edildi. Bu barədə həmçinin müəyyən araşdırmalar aparıldı və bir neçə şahid də dindirildi. Müşahidələrə görə, hadisədə qəsdən adam öldürmək kimi bir məsələ olmayıb”- deyə o qeyd edib.

 

Səyyar satıcılar oxşar problemlərlə vaxtaşırı Güney Azərbaycan şəhərlərində də üzləşir. Azərbaycanda hökm sürən yoxsulluq və işsizlikdən dolayı səyyar satıcılıq kimi işlərlə məşğul olanların sayı artıb. Bəzi azərbaycanlılar isə ümumiyyətlə doğma diyarını tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar. Onlar davamlı olaraq Bələdiyyə İdarəsinin işçiləri ilə problem yaşayırlar.

 

Video:

https://www.youtube.com/watch?v=0PQeHsz7qfo

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN