Sadiq İsabəyli: İranda ‘hökumət türklərin əlindədir’ propaqandası artıq cavab vermir - MÜSAHİBƏ

Sadiq İsabəyli: İranda ‘hökumət türklərin əlindədir’ propaqandası artıq cavab vermir - MÜSAHİBƏ

GünAz TV: Son vaxtlar İran hakimiyyətinə yaxın cərəyanlar, habelə bəzi müxalif qruplar türk fəallar və “Traxtur” azarkeşlərinə qarşı sərt ölçülər götürülməsini tələb edir. Siyasi təhlilçi Sadiq İsabəyli “Amerikanın Səsi” ilə söhbətdə deyir ki, İran dövlətçiliyini təmsil edən qruplar “türklər və Azərbaycana qarşı açıq təhdidə keçiblər və bunun səbəbləri var.”

 

İsabəylinin söylədiklərinə əsasən, İranda qeyri-fars icmaların tələblərini yerinə yetirmək istəməyən İran hakimiyyətlərinin bu günə qədər yürütdüyü “inkar, təhqir və təhrif” siyasətləri artıq funksiyasını itirib.

 

O hesab edir ki, toplumda yaradılmış “hökumət türklərin əlindədir” propaqandasının da artıq heç bir inandırıcılığı qalmayıb.

 

“Tarixdə İranın ictimai-siyasi həyatında Azərbaycanın və ümumiyyətlə türklərin rolu bəllidir hər kəsə. Tarix boyu müxtəlif dönəmlərdə türklərin hakimiyyətdə olması və sair. Amma belə bir təbliğatın aparılması ki, türklərin siyasi-ictimai həyatda və dövlət idarəsində nüfuzu hələ də olduğu kimi qalır, bu artıq öz mahiyyətini itirmişdir. Bunun belə olmadığı gün işığı kimi aydın olmuşdur”, siyasi fəal açıqlayır.

 

Sadiq İsabəylinin sözlərinə görə, “bu gün modern dövlət sisteminin quruluşuna baxanda, nazirlər, icraedici, qanunverici və məhkəmə qurumu və ya hərbi sahədə silahlı qüvvələrin içində türklərin nüfuzu ilə bağlı durum tamamilə dəyişdirilib. Türkləri getdikcə bu dövlət qurumlarından ayırıblar.”


Siyasi şərhçinin fikrincə, Güney Azərbaycanda vaxtaşırı baş qaldıran kütləvi etirazlar göstərir ki, türklər artıq İran hakimiyyətində rol sahibi olduqlarına dair təbliğata inanmırlar.

“Pəhləvilərdən İslam Respublikasına qədər İran hakimiyyətləri qeyri-fars millətlərə qarşı müxtəlif siyasətlər apardılar. O cümlədən, onların milli kimliyini inkar etdilər. Gördülər bu alınmır, dedilər həm inkar edək, həm də yeri gələndə təhqir edək. Sonra keçdilər təhrif etməyə. Beləcə getdi və gördülər ki, bunların heç birisi cavab vermir” , İsabəyli qeyd edir.

 

O həmçinin, son illərdə İslam Respublikası rəsmiləri tərəfindən “heç bir zaman yerinə yetirilməyən vədlərin” ortaya qoyulmasına diqqət çəkir:

“Bu siyasətlər cavab verməyincə, buna gəldilər ki, biz bunlarla hesablaşmalıyıq. Necə hesablaşaq? Bəlkə bunlara yumşaldıcı vədlər verək. Bu son illərdə İslam Respublikasının bu vəd siyasəti ilə bağlı nümunələri görürük. Xüsusilə də seçkilər dönəmində.”

 

Siyasi fəal əlavə edir ki, “Azərbaycan Milli Azadlıq Hərəkatı deyilən kütləvi hərəkatın ictimai dinamikası getdikcə güclənir, daha çevik olur və daha dərinləşir. Bununla bərabər tələblər də getdikcə aydınlaşır... Belə bir durumda artıq yerinə yetirilməyən vədlər də cavab vermir.”

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/sadiq-isabeyli/5171851.html

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN