Şərqi Azərbaycanda işsizlik problemi böyüyür

Şərqi Azərbaycanda işsizlik problemi böyüyür

GünAz TV: Şərqi Azərbaycan Vilayətində işsizlik problemi getdikcə böyüyür, bu barədə yerli məsul şəxslər ardıcıl xəbərdarlıq mesajı verir.

 

Bu dəfə məsələyə Şərqi Azərbaycan Sənaye Şəhərcikləri Şirkətinin icraçı direktoru Murtaza Nirumnənd və Şərqi Azərbaycan Sosial Rifah və Təavun İdarəsinin rəisi Mir Əhəd Hüseyni münasibət bildirib.

 

“Biz ciddi işsizlik problemi ilə üz-üzəyik. Bunun tək çarəsi sənayenin inkişaf etdirilməsi və bölgəyə əlavə sərmayə cəlb etməkdir. İstehsal sahəsində və sənaye şəhərciklərinin salınmasında irəlləyiş olmasa, iqtisadi inkişaf mümkün olmayacaq”- deyə Murtaza Nirumənd bildirib.

 

Şərqi Azərbaycan Sənaye Şəhərcikləri Şirkətinin icraçı direktoru əlavə edib ki, “bölgəyə sərmayə cəlb edilməsində sənaye şəhərciklərinin infranstrukturundan tutmuş bu sahədəki müdirlərin rəftarına qədər bir çox məsələ rol oynayır. Ona görə də bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün çoxşaxəli fəaliyyətə ehtiyac var.”

 

Şərqi Azərbaycan Sosial Rifah və Təavun İdarəsinin rəisi Mir Əhəd Hüseyni isə ötən il (hicri-şəmsi təqvimi ilə 1395-ci il) əvvəlki ilə nisbətən işsizlərin sayının daha da artdığını bildirib.

 

“Şərqi Azərbaycan Vilayətində 1394-cü ildə işsizlik səviyyəsi 7.3 faiz olub, lakin ötən il İran Statistika Mərkəzinin açıqlamasına görə bu rəqəm 10.8 faizə çatıb. Artıq işsizlik səviyyəsi ikirəqəmli ədədlə ölçülür, Ona görə də məşğulluqla bağlı təsiredici proqramlar hazırlanmalı və işsizlik səviyyəsini təkrəqəmli həddə endirmək üçün ciddi tədbirlər alınmalıdır”- deyə o qeyd edib.

 

Mir Əhər Hüseyni əlavə edib ki, “yeni iş yerlərinin yaradılması üçün dövlət orqanlarında idarəçilik səviyyəsi yüksəlməli, yeni və uğur qazanmış iqtisadi üsullar tətbiq olunmalıdır.” O həmçinin vurğulayıb ki, “iqtisadiyyat sahəsində fəaliyyət göstərənlərə peşə fəaliyyətləri ilə bağlı imkan daxilində təlim keçirilməlidir.”

 

Qeyd edək ki, İranda bütün türk bölgələrində iqtisadi tənəzzül getdikcə dərinləşir. Bunun əsas səbəbi iş adamlarının bölgəyə hakim kəsilən iqtisadi gərginlikdən dolayı məntəqəni tərk etməsi və bölgəyə dövlət tərəfindən sərmayə yatırılmamasıdır.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN