Şərqi Azərbaycanda önəmli təyinat: Vali və bələdiyyə başçısı məlum oldu

Şərqi Azərbaycanda önəmli təyinat: Vali və bələdiyyə başçısı məlum oldu

GünAz TV: Təbriz 2018-ci ildə islam dünyasının turizm paytaxtı seçilib. Bu ərəfədə Şərqi Azərbaycanın önəmli postlarında qeyri-müəyyən vəziyyət hökm sürürdü. Nəhayət ki, Şərqi Azərbaycan valisi və Təbriz bələdiyyə başçısının kimliyi məlum olub.

 

Rejim məqsədyönlü şəkildə 2018-ci ildə Təbriz üçün yaranacaq fürsətləri məhv etmək üçün Şərqi Azərbaycan və Təbrizin əsas postlarına təyinatı uzun müddət gecikdirdi. Bu o həddə çatdı ki, azərbaycanlı internet istifadəçiləri virtual aləmdə “2018-ci il ərəfəsində birincilər şəhəri olan Təbriz üçün bir vali və Bələdiyyə İdarəsi başçısına ehtiyac var” deyə yazdılar.

 

Səhənd kanalının aparıcısı Məhəmməd Fərşbafın İnstaqram səhifəsindəki yaydığı post

 

Məlumata görə, uzun müddət müzakirə və mübahisələrdən sonra nazirlər kabineti Məcid Xudabəxşi Şərqi Azərbaycanın vali postuna təyin edib.

 

61 yaşlı M.Xudabəxş Ərdəbildə doğulub, onun elektrik və elektron mühəndisliyi üzrə doktorluq diplomu var. M.Xudabəxş bundan öncə Ərdəbil Əyalətinin valisi olub. Mötədil islahatçı kimi tanınan yeni vali Urmu gölünün canlandırılması və “Təbriz 2018”i əsas fəaliyyət proqramı kimi elan edib.

 

Bundan əlavə sentyabrın 24-də İrəc Şəhin Baher Təbriz Şəhər Şurasının keçirdiyi iclasda 7 səslə Təbrizin Bələdiyyə İdarəsinin başçısı seçilib. Mühəndis İ.Şəhin Baher siyasi bir şəxs kimi deyil, səhərsalma sahəsində yaxşı bir mütəxəssis kimi tanınır, o 1972-ci ildə Təbrizdə doğulub.

 

İ.Şəhin Baher Təbriz həndəvərində yoxsul yaşayış məntəqələrində məskunlaşan əhalinin problemlərinin həllinə çalışacağını bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN