“Təbriz 2018”in önəmli hədəfləri Bələdiyyə İdarəsinin məhdud səlahiyyəti ilə gərçəkləşə bilməz – Bələdiyyə başçısı

“Təbriz 2018”in önəmli hədəfləri Bələdiyyə İdarəsinin məhdud səlahiyyəti ilə gərçəkləşə bilməz – Bələdiyyə başçısı

GünAz TV: Təbrizin Bələdiyyə İdarəsinin başçısı İrəc Şəhin Baher təmsil etdiyi idarənin məhdud səlahiyyəti ilə “Təbriz 2018”in önəmli hədəflərinin gərçəkləşə bilməyəcəyini deyib.

 

O bu barədə İranın dini lideri Əli Xameneinin Şərqi Azərbaycan nümayəndəsi Al-i Haşimin Tuba parkına baxış keçirdiyi zaman danışıb. İlk öncə Bələdiyyə İdarəsinin parkla bağlı fəaliyyəti və parkdakı problemlərdən danışan R.Şəhib Baher, 2018-ci ilə qədər parkda müəyyən gözəlləşdirilmə işlərinin görüləcəyini bildirib.

 

“Tuba parkında Baqirxan, Ayətullah Şəhidi, Hacı Rza Tuba və Ustad Naxçıvani kimi məşhur şəxsiyyətlər dəfn olunub. Ona görə də bu park həmin məşhur şəxslərə layiq olmalıdır, bunun üçün də bütün səlahiyyətli orqanlar Bələdiyyə İdarəsi ilə əməkdaşlıq etməlidir”- deyə o bildirib.

 

Bələdiyyə başçısı əlavə edib ki, ““Təbriz 2018”in önəmli hədəfləri Bələdiyyə İdarəsinin məhdud səlahiyyəti ilə gərçəkləşə bilməz. Məqsədə nail olmaq üçün bütün icra orqanları öz məsuliyyətini dərk edərək işə başlamalıdır.”

 

Bu arada Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan da “Təbriz 2018” layihəsinə münasibət bildirib.

 

“Prezidentin turizm işləri üzrə müavini Təbrizə səfər edərkən bu barədə söhbət edildi. Biz təkidlə bildirdik ki, hal-hazırda bölgə üçün prioritet əhəmiyyət kəsb edən məsələ “Təbriz 2018” layihəsidir. Bu layihə Təbriz şəhərinə layiq şəkildə həyata keçirilməlidir, dövlət bu məsələdə öz üzərinə düşəni yerinə yetirməlidir. Biz hamımız yekdil olaraq bir hədəfə doğru hərəkət etməliyik, 2018-ci ilədək lazımi işlər görülməlidir”- deyə millət vəkili vurğulayıb.

 

Qeyd edək ki, Təbriz şəhəri 2018-ci ilin islam dünyasının  turizm paytaxtı seçilib, lakin bu şəhərin 2018-ci ildə turist qəbul etməyə hazırlığı yoxdur. Buna səbəb hökumətin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır. Bu məsələ Təbriz əhalisi ilə yanaşı bir çox yerli məsulun kəskin etirazına səbəb olub.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN