Təbrizdə tikilməli olan xəstəxana Şirazda inşa edilir

Təbrizdə tikilməli olan xəstəxana Şirazda inşa edilir

GünAz TV: Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi Təbrizdə tikilməli olan 320 yataqlı xəstəxananın Şirazda tikilməkdə olduğunu bildirib.

 

Yerli mətbuatın yaydığı məlumata görə, millət vəkili hökumətin Təbrizdə Təmin İctimai Təşkilatı üçün 320 yataqlı xəstəxananın tikilməsi ilə bağlı uzun müddət götür-qoy etməsini tənqid edərək Kooperasiya, Əmək və İctimai Rifah nazirinə xitabən bildirib ki, bu xəstəxananın təməlqoyma mərasimi iki il əvvəl Təbrizin Xavəran məntəqəsində sizin iştirakınızla keçirilib, lakin layihə elə təməlqoyma mərhələsində qalıb.

 

“Hökumətin əsas layihələrindən biri Təbrizdə 320 yataqlı xəstəxananın tikilməsi idi, amma indi bu layihənin səsi Şirazdan gəlir”- deyə Məhəmməd Hüseyn Fərhəngi bəyan edib.

 

Azərbaycanlı millət vəkili sözlərinin davamında deyib: “Nə üçün bu layihə iki ildir icra olunmur? Şərqi Azərbaycan Əyalətində Təmin İctimai Təşkilatının xəstəxanaları siğortası olan şəxslərin ehtiyaclarına cavab vermir. İmkansızlıqdan bəzi xəstələr qapı arxasında gözləməli olur. Kooperasiya, Əmək və İctimai Rifah nazirinin Təbrizə 3-cü səfəri zamanı bu şəhərdə bir neçə layihənin təməlqoyma mərasimi oldu, lakin ən çox fəhlələrin məskunlaşdığı Səhənd şəhərciyində heç bir iş görülmədi. Cənab nazir, siz özünüz mənə bu məntəqədə bir tibb mərkəzinin tikiləcəyi ilə bağlı vəd vermişdiniz. Sarab, Sofiyan və Məlikan şəhərlərində də tibb mərkəzlərinin avadanlıqlarla təchiz edilməsi və yeni mərkəzlərinin tikilməsinə ehtiyac var. Siz bu işlərə də diqqət yetirməlisiniz.”

 

Qeyd edək ki, Məhəmməd Hüseyn Fərhənginin iddia etdiyi kimi, bir çox yerli məsul və mətbuat orqanları hazırda Şirazda tikilməkdə olan 320 yataqlı xəstəxanasının elə Təbrizdə təməli qoyulan xəstəxana olduğunu bildirir. Təbrizdə bu layihənin icrası təməlqoyma mərasimindən sonra dayandırılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN