Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var - Şəbistərin millət vəkili

Təbrizin 40 kilometrliyində əhalisi 18-ci əsrdə yaşayan kimi kəndlər var - Şəbistərin millət vəkili

GünAz TV: Şəbistərin İran parlamentindəki millət vəkili xanım Məsumə Ağapur, Şərqi Azərbaycan İcra Orqanlarında işləyən ziyalı xanımların Təbriz imam cüməsi Seyid Məhəmmədəli Al-i Haşimlə görüşündə iştirak edib, əsasən qadın haqlarından danışan millət vəkili bölgə kəndlərində həyat şəraitinin ağır olduğunu deyib.

 

Çıxışında qadın haqlarına geniş işarə edən M.Ağapur dövlətdən bu sahəyə daha çox diqqət yetirməsini istəyib.

 

“Qadınların idman məsələsi çox əhəmiyyətli mövzudur. Şərqi Azərbaycan qadınları taekvondo və basketbol kimi idmanlarda müəyyən uğurlar əldə edib. Lakin son zamanlar basketbol komandasının maliyyə problemi olduğunu və bu cəhətdən ölkədaxili və xarici oyunlarda iştirak edə bilmədiyini öyrəndim.

 

Bir sıra qadınlarımız isə övladlarına şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. Xarici ölkələrin vətəndaşları ilə ailə həyatı quran qadınlar, həyat yoldaşları onları tərk etdikdən sonra bir çox problemlə üzləşir. Onlar övladlarına şəxsiyyət vəsiqəsi ala bilmir. Biz bu məsələni həll etməyə çalışırıq. Ümid edirik ki, fəaliyyətimiz nəticə verəcək.

 

Kənd qadınlarının problemi təkcə sadaladığım məsələlərdən ibarət deyil, şübhəsiz ki, onlar daha çox məhrumiyyət yaşayır. Təbrizdən 40 kilometr uzaqda yerləşən kəndlər, məhrumiyyət nöqteyi nəzərindən 18-ci əsri xatırladır”- deyə o bildirib.

 

Şəbistərin millət vəkili qadınların ölkə siyasətində roluna da toxunub: “Biz qadınların ölkənin müxtəlif sahələri, o cümlədən siyasətdə görmək istəyirik. Unutmamalıyıq ki, ölkələrin inkişaf etməsinin əlamətlərindən biri, məhz qadınların siyasi fəaliyyəti ilə bağlıdır.”

 

Azərbaycanlı millət vəkili 14 yaşdan aşağı olan qızların nikaha daxil olmasını da tənqid edib. “Bu məsələyə parlamentdə də baxılır, lakin problemin həlli üçün mədəni baza olmalı və bu istiqamətdə müəyyən işlər görülməlidir. Ötən il Şərqi Azərbaycan Əyalətində 14 yaşına çatmayan 530 qız nikaha daxil olub. Bu göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Bu durum cəmiyyət üçün müxtəlif problemlər yarada bilər”- deyə o əlavə edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN