Təbrizin Ərk qalası üçün insan zənciri aksiyasına ÇAĞIRIŞ

Təbrizin Ərk qalası üçün insan zənciri aksiyasına ÇAĞIRIŞ

GünAz TV: Təbrizin tarixi Ərk Qalasında ağır texnika ilə qazıntıların qarşısını almaq üçün insan zənciri aksiyasına çağırış edilib.

 

Azərbaycanlılar avqustun 23-ü yerli vaxtla saat 18:00-da Ərk qalasının ətrafında insan zənciri təşkil edərək Müsəlla Fondunun parking tikmək bəhanəsi ilə tarixi qalanın məhv edilməsi ilə əlaqədar layihəsinə etiraz edəcəklər.

 

Ötən günlərdə Güney azərbaycanlı internet istifadəçiləri virtual aləmdə Ərk qalasında yenidən qazıntı işlərinin aparılmasını əks etdirən videolar yayıblar. Bazar günü yayılan videoların birində Ərk qalasının cənub tərəfindəki divarının yanında ağır texnikanın işlədiyi və həmin yerin söküldüyü görünür.  Bu qazıntılardan sonra, onsuz da baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalan tarixi qalanın çökmə ehtimalı artır. 

 

Daha bir neçə gün əvvəl də sosial şəbəkələrdə Ərk qalasından oxşar video yayılmışdır. Həmin videoda qalanın cənub tərəfinin Kompressorla qazıldığı görünürdü.

 

Bununlada bir daha sübut oldu ki, qalanın sökülməsinə dəfələrlə təşəbbüs göstərən Təbrizin Müsəlla Fondu, tarixi məkanı məhv etmək fikrində qərarlıdır.

 

Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəisi Murtaza Abdar isə tarixi məkanı qorumaq yerinə, Ərk qalasını məhv etməyə çalışan Müsəlla Fonduna haqq qazandırıb. O çərşənbə axşamı günü hadisə yerinə gələrək Ərk qalasında aparılan qazıntı işlərini turistlər üçün daha əlverişli şərait yaradacağını deyib.

 

Ötən ilin noyabr ayında bu məsələ gündəmdə olduğu zaman Təbriz Şəhər Şurasının üzvü Əli Şiyari hadisəyə münasibət bildirərək tarixi abidələrlə bağlı Mədəni İrs Təşkilatının qanunlarına işarə etmişdir. “Mədəni İrs Təşkilatının qanunlarına görə hər bir tarixi abidənin ətrafında sahəsi 150 kvadrat metr (metr-i murəbbə) olan ərazi olmalıdır. Ona görə də, 15 metr radiusa qədər tarixi abidənin kənarından avtomobil keçə bilməz. Çox təəssüflər olsun ki, bu qanun Ərk Qalası haqda keçərli deyil”- deyə o qeyd etmişdir.

 

Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib.  Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN