Təbrizin millət vəkili: Parlamentin Rəyasət Heyəti “Türk Bölgələri Fraksiyası”nın adını rəsmiyyətə tanımır

Təbrizin millət vəkili: Parlamentin Rəyasət Heyəti “Türk Bölgələri Fraksiyası”nın adını rəsmiyyətə tanımır

GünAz TV: Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar növbəti dəfə “Türk” sözünə olan həssaslığı dilə gətirərək “Türk Bölgələri Fraksiyası”nın adının Parlamentin Rəyasət Heyəti tərəfindən rəsmiyyətə tanınmadığını bildirib.

 

O bu barədə “İsna” xəbər agentliyinə danışıb.

 

“Bəziləri mənim dilimdən “Türk Bölgələri Fraksiyası”nın ləğv olunduğunu yazmışdır. Lakin mən heç vaxt belə bir söz deməmişəm, sadəcə fraksiyanın adının parlamentin Rəyasət Heyəti tərəfindən rəsmiyyətə tanınmadığını və bu barədə həssaslıqların olduğunu demişəm. Hətta mən müxtəlif orqanlara məktub yazaraq onlardan istəmişəm ki, fraksiyanın adı ilə əlaqədar öz mövqelərini bildirsinlər”- deyə o bəyan edib.

 

Millət vəkili fraksiyanın “Ölkənin Şimal-qərb fraksiyası” adlandırılmasını qəbuledilməz hesab edir. “Ölkənin hər yerində, o cümlədən Şimali Xorasan Əyaləti, Rəzəvi Xorasan Əyaləti, İsfahan və s. kimi əyalətlərdə türklər yaşayır. Ona görə də fraksiyanı yalnız Şimal-qərb əyalətləri ilə məhdudlaşdırmaq düzgün deyil.”- deyə Ş.Bimiqdar bildirib.

 

Azərbaycanlı millət vəkili əlavə edib ki, “Türk Bölgələri Fraksiyası”na üzv olan bəzi deputatlar keçirilən iclaslara yetəri qədər əhəmiyyət vermir.

“İlk fəaliyyətə başlayanda bütün deputatlar ciddi şəkildə iclaslara qatılırdı. Lakin son iclasda yalnız 5 deputat var idi. Fraksiya üzvləri guya onlara iclasla bağlı məlumat çatdırılmayıb deyə bəhanə gətirdilər. Amma nazirlər kabinetinə namizədlərin araşdırılması ilə bağlı keçirilən iclasda 70 deputat iştirak etdi”- deyə o qeyd edib.

 

Millət vəkili söhbətinin digər hissəsində qeyd edib ki, yeni kabinetdə hələlik yerləri boş olan Elm, tədqiqat və texnologiyalar, həmçinin Enegetika nazirlərinin türklərdən seçilməsi üçün müəyyən işlər görülür. O vurğulayıb ki, “Elm, tədqiqat və texnologiyalar naziri postuna türklərdən olan bir şəxs təklif olunub, hətta bu təklifə müsbət baxılır. Lakin hələlik müəyyən problemlər onun adını açıqlamağa imkan vermir.”

 

İran parlamentində ilk dəfə olaraq “Türk Bölgələri Fraksiyası” 2016-cı ilin Oktyabr ayında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdur. Fraksiya yaradıldığı gündən onun fəaliyyətinə gizli şəkildə maneçilik yaradılır. Müxtəlif şovinist qüvvələr “Türk” adı daşıyan fraksiyanın yaradılmasına ilk gündən öz etirazlarını bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN