Təbrizli incəsənət xadimi Urmu gölü böhranı ilə bağlı dövlət rəsmilərini tənqid atəşinə tutub - VİDEO

Təbrizli incəsənət xadimi Urmu gölü böhranı ilə bağlı dövlət rəsmilərini tənqid atəşinə tutub - VİDEO

GünAz TV: Təbrizli şair, yazıçı, incəsənət xadimi və universitet müəllimi Fərman Fərzi İran prezidenti Həsən Ruhanini Urmu gölü ilə bağlı verdiyi vədi yerinə yetirmədiyi üçün kəskin tənqid edib.

 

“Aşıqlar” İncəsənət və Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvü Urmu gölü kənarında bir Video çəkərək gölün faciəli vəziyyətdə olduğunu deyib.

 

“Urmu gölünün damla-damla qurumasına şahid olab amma onun qarşısını almaq üçün heç bir tədbir almayan məsullara ar olsun. Gölün nicatı ilə bağlı yalançı vədlərlə səs toplayıb prezident olana da ar olsun. Həqiqət budur ki, biz (azərbaycanlılar) İran coğrafiyasında ögey övlad hesab olunuruq. Hansı şərəfli vətəndaş Urmu gölünün bu vəziyyətinə qan ağlamaz?!”- deyə videonun bir hissəsində qeyd olunub.

 

F.Fərzi İranda Azərbaycan kimliyini Urmu gölünün vəziyyəti ilə müqayisə edərək bildirib ki, “bu bir faciədir və Azərbaycan milləti üçün ciddi xəbərdarlıqdır. Mədəniyyət, kimlik və dilimiz də Urmu gölü kimi damla damla quruyaraq məhv olmaqdadır.”

https://www.youtube.com/watch?time_continue=31&v=lT0Z6ludYOY

 

 

Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması Həsən Ruhaninin seçkiqabağı Azərbaycan türk millətinə verdiyi əsas vədlərdir, lakin təxminən 5 il müddətdən sonra hələ də verilən vədlər yerinə yetirilməyib.

 

Bu arada Qərbi Azərbaycan Ətraf Mühit Mühafizəsi İdarəsinin Texniki məsələlər üzrə müavini Höccət Cəbbari Urmu gölü haqda məyusedici açıqlama verib.

 

Bu barədə “Barış News”a danışan Ətraf Mühit Mühafizəsi İdarəsinin rəsmisi hazırda Urmu gölünün böhran içində olduğunu diqqətə çatdırıb.

“Artıq Urmu gölünün 95 faizi quruyub, gölün ümumi sahəsinin yalnız 27 faizində su qalıb. Bu rəqəmlər gölün 1996-ci ildəki vəziyyəti ilə müqayisədə ortaya çıxıb. Hazırda Urmu gölündə su səviyyəsi tarazlığı 1270.17 metrdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə su səviyyəsinin 32 santimetr aşağı düşdüyünü göstərir”- deyə o qeyd edib.

 

H.Cəbbarinin sözlərinə görə, hazırda Urmu gölündə suyun həcmi 1 milyard kubmetrdən azdır. Halbuki, təbii halda göldə suyun həcmi 31 milyard kubmetrdən çox olmalıdır.

 

Urmu gölünün son vəziyyəti ilə bağlı məqsədyönlü şəkildə müxtəlif iddialar səsləndirilsə də, bu açıqlamaların əksəriyyətinin həqiqəti əks etdirmədiyi bölgə əhalisi üçün məlum məsələdir. Gölün artıq son nəfəslərini çəkdiyi kimsəyə gizli deyil. Bu barədə bölgə əhalisi ilə yanaşı bir sıra yerli məsullar da dəfələrlə xəbərdarlıq ediblər. Dövlət isə gölün canlandırılması üçün heç bir əməli addım atmır, bu vəziyyətə ancaq seyrçi mövqe nümayiş etdirir. Ekspertlər vəziyyətin belə davam edəcəyi təqdirdə göl ətrafında yaşayan təxminən 14 milyon insanın həyatının təhlükə ilə üzləşəcəyini dəfələrlə vurğulayıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN