Urmiyənin bələdiyyə başqanı: “Tehrandakı məsullar Urmiyə və Təbriz komandalarına qarşı istənilən vasitədən istifadə edir”

Urmiyənin bələdiyyə başqanı: “Tehrandakı məsullar Urmiyə və Təbriz komandalarına qarşı istənilən vasitədən istifadə edir”

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin bələdiyyə başqanı Məhəmməd Həzrətpur təmsil etdiyi şəhərin “Şəhrdari” komandasının “Saypa” takımı ilə gösrüşdən imtina etməsinə münasibət bildirərək İranda Azərbaycan komandalarına edilən təzyiqlərə işarə edib.

 

Dekabrın 6-da “Saypa” takımı ilə qarşılaşmaq üçün Tehrana səfər edən “Şəhrdari” komandası, Voleybol Federasiyasının yarımçıq qalmış “Şəhrdari”-“Peykan” görüşü ilə bağlı çıxardığı qərara etiraz olaraq meydana çıxmaqdan imtina edib.  Voleybol Federasiyasının İnzibati Komitəsi açıqladığı qərarda “Peykan”ı oyunun qalibi elan edib.

 

Bu barədə danışan “Şəhrdari”nin baş məşqçisi Sasan Xudapərəst bildirib ki, “inzibati komitə olduqca ədalətsiz qərar qəbul edib. Bizim isə səsimizi eşidən yoxdur. Ona görə də etiraz əlaməti olaraq bu görüşü tərk etdik.”

 

Urmiyənin bələdiyyə başqanı M.Həzrətpur da təmsil etdiyi şəhərin komandasına qarşı çıxarılan qərara qəzəblənib.

 

O bu barədə “Fars” xəbər agentliyinə danışıb.

 

“İnzibati komitə bu rəyi ilə hər şeyin tehranlıların əlində olduğunu sübut etdi. Şəhər komandaları, xüsusi ilə də Urmiyə və Təbriz komandalarına zülm etmək üçün bütün vasitələrdən istifadə olunur.  Biz Tehranın “Saypa” komandası ilə qarşılaşmaqdan imtina etdik. Qoy federasiya bilsin ki, Azərbaycan əhalisi zora baş əyməz. Hamı bilir ki, “Peykan” və “Bank-i Sərmayə” komandaları federasiyanın sevimlisidir. Ona görə də federasiya onların tərəfini tutur. Biz “Saypa” ilə görüşdə meydana çıxmadıq. Buraxın federasiya liqanın əvəzinə sevimliləri ilə baş-başa qalsın”- deyə o bəyan edib.

 

Urmiyənin bələdiyyə başqanı Voleybol Federasiyasını “Peykan”ı məğlubiyyətdən qurtarmaqda ittiham edərək bildirib ki, ““Peykan” komandası xüsusi metodlarla məğlubiyyətdən qaçdı, lakin federasiya onun bu məğlubiyyətini qələbəyə çevirdi və “Peykan”ı oyunun qalibi elan etdi. Bütün hallarda federasiya Azərbaycan əhalisinin qarşısında durmaq fikrindən daşınmalıdır, ona görə ki, onun bu yolda məğlubiyyəti qaçılmazdır.”

 

“Biz federasiyanın bu uşaq hərəkəti və qərəzli qərarına etiraz edəcəyik. Şübhəsiz ki, səylərimiz komandanın tapdalanmış hüququ təmin olunanadək davam edəcək”- deyə M.Həzrətpur sözlərinin davamında qeyd edib.

 

Xatırladaq ki, noyabrın 29-da Urmiyənin  Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında keçirilən görüş hakimin “Şəhrdari”yə qarşı qərəzli qərarı ilə əlaqədar yarımçıq buraxılıb. Bundan sonra İran Voleybol Federasiyasının İnzibati Komitəsi super liqa yarışlarının 10-cu həftəsində keçirilən görüşlə bağlı iclas keçirərək “Şəhrdari”nin əleyhinə qərar çıxarıb.

 

Sözügedən oyundan sonra “Şəhrdari”nin baş məşqçisi Sasan Xudapərəst baş verən hadisəni “Təsnim” xəbər agentliyinə belə şərh etmişdir:

“Bu məsələdə biz təmami ilə haqlıyıq. Biz hakimin səhvinə görə meydanı tərk etmədik. Ona görə ki, hakimin səhvi də oyunun tərkib hissəsidir və hər an baş verə bilər. Bu oyunda voleybolun qanunu pozulub. Biz məhz qanunun pozulmasına etiraz etdik. Rəqib komandanın meydanında 7 oyunçu olub, bu voleybol qaydalarına ziddir. “Peykan” komandasının 7 oyunçusunu görən köməkçi hakim, ilk öncə bizim xeyirimizə qərar verdi. Əsas hakim isə onu təsdiqlədi. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişdi. Bu bizim bir xal (imtiyaz) itirməyimizə səbəb oldu, bununla heç bir şəkildə razılaşa bilmərik”- deyə baş məşqçi bildirmişdir.

 

Təbrizin “Traxtur” futbol komandası və Urmiyənin “Şəhrdari” voleybol takımı azərbaycanlıların ən sevimli komandaları kimi davamlı olaraq İran rejiminin təzyiqlərinə məruz qalır, bu komandaları zəiflətmək üçün müxtəlif üsullardan istifadə olunur.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN