Təxribatçı qrup 1366 azərbaycanlı milli-mədəni fəalı hədəfə aldı

Təxribatçı qrup 1366 azərbaycanlı milli-mədəni fəalı hədəfə aldı

GünAz TV: Ötən günlərdə Güney Azərbaycan və İranda digər türk bölgələrindən olan yüzlərlə milli-mədəni fəal, Azərbaycan Milli Hərəkatını məqsədyönlü şəkildə təxribata məruz qoyan məlum qrup və şəxslərlə bağlı bir bildiriş yayaraq milli birlik uğrunda önəmli addım atdılar.

 

Bildiriş qısa müddətdə 1366 milli-mədəni fəal tərəfindən imzalandı. Bildirişi imzalayan şəxslərin İran rejiminin təhlükəsizlik qüvvələrindən çəkinmədən özlərini həqiqi ad və soyadları ilə təqdim etmələri xüsusi diqqət çəkməkdədir. Siyahıda ümumiyyətlə uydurma və taxma ad yoxdur, bu virtual aləmdə saxta adlarla Milli Hərəkata qarşı təxribat aparanlara və ümumiyyətlə saxtakarlığa qarşı vaxtında atılan ciddi bir addım sayılmalıdır.

 

Milli Hərəkat fəallarının cəsarətini bariz şəkildə göstərən bildiriş eyni halda rejimin asimilasyon və anti-türk siyasətinə qarşı bir birlik nümayişidir. Milli Hərəkatın tanınmış şəxsiyyətləri indiki vaxtda ciddi birliyə ehtiyac olduğunu hiss edərək belə bir qərara gəlib, bununla Hərəkatda olan müxtəlif zümrə, qrup və şəxslərin daha sıx birləşməsi üçün zəmin yaratdılar.

 

Bu, ölkə daxilində yaşayan fəalların həqiqi ad və soyadları ilə təxribatçılara qarşı yaydıqları ikinci bildirişdir. Həqiqi adla çıxış etmək eyni halda İran rejiminə qarşı mübarizəni yeni müstəviyə keçirir, daha çox insanın mübarizəyə qoşulması üçün şərait yaradır.

 

Milli Hərəkatın tanınmış şəxsiyyətləri bununla göstərdilər ki, hərəkat hələ də etibarlı əllərdədir, onun taleyini həqiqi milli fəallar müəyyənləşdirir. Bu təbii olaraq İran kəşfiyyat orqanları üçün böyük məğlubiyyət hesab olunur.

 

Məlum olduğu kimi, kəşfiyyat orqanları bu məğlubiyyətdən sonra yaranan birliyi pozmaq məqsədi ilə muzdlu məlum qrupu yenə də hərəkətə keçirib. Həmin qrup mövzu ilə bağlı bir yazı yayaraq bildirişi imzalayan fəallara qarşı təxribat aparıb, onların bu hərəkətini şiddətlə qınayıb. Yazıda həmçinin bildirişi imzalayanların siyahısında çəkilən adların saxta olduğu iddia olunub, eyni halda milli fəalların bu işi İran rejiminin əməllərinə bənzədilib.

 

Təxribatçı qrup aldığı tapşırıq əsasında öz saytında yaydığı yazıda 1366 milli fəalın imzaladığı bildirişi pisləyərək bəyanatın məlum cərəyan tərəfindən müsadirə olduğunu iddia edib. Həmçinin qeyd olunub ki, məlum cərəyan öz hədəflərinə çatmaq üçün Milli Hərəkatın tanınmış şəxsiyyətlərini vasitə kimi istifadə edib. İndi bu sual ortaya çıxır: Əgər iddia edilən kimi olsaydı, nə üçün bildirişi imzalayan fəallardan heç biri bu məsələyə etiraz etməyib və etmir?! Məsələ aydındır. Onlar kimin milli və kimin anti-milli olduğunu yaxşı başa düşür. Siz israrla iddia edirsiniz ki, sizin qrupunuzun üzvləri sözügedən siyahıda qeydə alınmayıb. Siz bununla Milli Hərəkatda itirdiyiniz legitimliyi yenidən bərpa etmək istəyirsiniz, lakin Milli Hərəkatın tanınmış şəxsiyyətləri hər kəsi yaxşı tanıdıqları üçün sizə layiq olduğunuz cavabı verib və siyahıya almayıblar.

 

Təxribatçı qrupun üzvləri bildirişi imzalayan fəalları təhdid edərək bildiriblər ki, onlar layiqli cavablarını alacaqlar. Təxribatçılar, ömürlərinin əhəmiyyətli hissəsini İran rejiminin zindanlarında keçirən Əkbər Azad, Abbas Lisani, Həsən Dəmirçi, Rəsul Rəzəvi və s. kimi fəalları hədələməklə əslində kimin dəyirmanına su tökdüklərini bir daha ortaya qoydular. 4 nəfərlik bir qrup Ankarada oturub, Güney Azərbaycanda olan 1366 nəfəri təhdid edir, çox gülüncdür!

 

Qrupun yazıçılar heyəti çox sayda fəalın təxribatçılara qarşı bildiriş yaymasını İran İslam Cümhuriyyətinin işlərinə oxşadaraq bununla Milli Hərəkatda ixtilafların daha da kəskinləşəcəyini qeyd edib. Lakin Azərbaycan türk millətinin siyasi şüuru təxribatçı qrupun düşündüyündən qat-qat çoxdur, onlar kimin nəyə xidmət etdiyini çox yaxşı bilir. Onlar həmçinin bilir ki, bu qrup imzaların toplanmaması üçün bir çox cəhdlər etdi, lakin heç bir nəticə ala bilmədi.

 

Sözegedən qrupun yazısında iddia olunur ki, bildirişi imzalayanların çoxunun adı saxtadır. Lakin bu iddianı irəli sürənlər günümüzə qədər hətta bir adı fakt kimi göstərə bilməyib. Ona görə ki, onlar Güneydən necə bir cavabın gələcəyini öncədən yaxşı bilirlər. Qeyd etmək lazımdır ki, sözügedən qrup bundan öncə Azərbaycan Milli Hərəkatı fəallarının adından müxtəlif başlıqlar altında çox sayda bildiriş yayıb, belə faktlara onların saytında dəfələrlə rast gəlinib.

 

Təxribatçı qrup bilməlidir ki, onların kimin dəyirmanına su tökdüyü artıq hər kəsə məlumdur. Milli cərəyan, hansısa qaçqının adı ilə hesab açaraq valyuta mübadiləsi yolu ilə gəlir əldə etmək, bu şəkildə iqtisadi sanksiyara məruz qalan İran rejiminə dəstək vermək kimi bir cərəyan deyil. Bu hərəkatın əsl sahibləri, tanınmış milli-mədəni fəallar vaxtında milli birlik nümayiş etdirərək şantajçılar və təxribatçılara layiqli cavabı verdilər, artıq önləyici tədbirin nəticəsi göz önündədir.

 

Ötən günlərdə azərbaycanlı fəalların təxribatçılara qarşı  yaydığı bildiriş və toplanan imzaları buradan oxuya bilərsiniz: Təxribatçılara qarşı Bildirişi imzalayan milli fəalların sayı 1400 nəfərə yaxınlaşıb

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN