“Traxtur” klubu: Heç bir komanda çempion elan olunmadan yarışlar dayandırılsın

“Traxtur” klubu: Heç bir komanda çempion elan olunmadan yarışlar dayandırılsın

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubunun icraçı direktoru koronavirus epidemiyası ilə bağlı ölkə kuboku və super liqa yarışlarının dayandırılmasını təklif edib.

 

Mirməsum Söhrabi bu barədə “Vərzeş 3” saytının müxbirinə açıqlama verib.

 

Koronavirus epidemiyası ilə bağlı ağır vəziyyət yarandığını bildirən Mirməsum Söhrabi bu vəziyyətdə yarış, hətta məşqlərin keçirilməsinin təhlükəli olduğunu bildirib.

 

O Liqa Təşkilatına yarışların dayandırılmasını təklif edib. “Hazırkı vəziyyətdə ən doğru qərar yarışların dayandırılmasıdır. Baxmayaraq ki, bizim ölkə kuboku yarışlarında çempion olmaq şansımız var, super liqa yarışlarında da turnir cədvəlinin birinci pillələrində qərarlaşırıq. Lakin idmançıların həyatını təhlükəyə salmamaq məqsədi ilə yarışların dayandırılmasına tərəfdarıq.”- deyə o qeyd edib.

 

“Traxtur” klubunun icraçı direktoru “ yarışlar ləğv olunarsa, o zaman hansı komanda çempion olcaq?!” sualına belə cavab verib. Yarışlar ləğv olunursa, demək ki, heç bir komanda çempion elan olunmayacaq. Yarışların sonuna 9 həftə qaldığı halda, nə üçün “Perspolis” çempion elan olunmalıdır?! Yarışlar yalnız bu il ləğv olunur, gələn il yenidən başlayacaq.

 

Mirməsum Söhrabi sözlərinin sonunda vurğulayıb ki, yarışlar dayandırılsa da, cədvəlin birinci 4 komandası Asiya Çempionlar Liqasında iştirak edəcək.

 

“Mən Liqa Təşkilatından istəyirəm ki, yarışların dayandırılması ilə bağlı dərhal qərar verilsin. Koronavirusun  kimsə ilə zarafatı yoxdur. Hətta Olimpiya və Avropa Millətlər Kluboku yarışları da dayandırıldı. İranın liqası o yarışlardan dahamı önəmlidir?!”- deyə “Traxtur” klubunun icraçı direktoru əlavə edib.

 

Qeyd edək ki, “Traxtur” klubu 19-cu super liqa yarışlarında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Birinci və ikinci yerlərdə isə “Perspolis” və “Sepahan” komandaları yer alıb. Koronavirus epidemiyası ilə əlaqədar müvəqqəti olaraq dayandırılan yarışların təmami ilə ləğv olunması gündəmə gəldiyi bir vaxtda “Perspolis”in çempion kimi elan olunacağı barədə müxtəlif xəbərlər yayılır.

Bu işin arxasında hər zaman Tehranın “Perspolis” və “İstiqlal” komandalarına müxtəlif yollarla dəstək verən İran Gənclər və İdman Nazirliyi, eləcə də Futbol Federasiyasının dayandığı ehtimal olunur. “Traxtur” və “Sepahan” klubları “Perspolis”in çempion elan olunmasına sərt qarşı çıxıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN