“Urmiyə” adının Şəhər Şurası lövhəsində təhrif edilməsinə qarşı birgə bəyanat: “Azərbaycan Mədəniyyət Ocağı” və...

“Urmiyə” adının Şəhər Şurası lövhəsində təhrif edilməsinə qarşı birgə bəyanat: “Azərbaycan Mədəniyyət Ocağı” və...

GünAz TV: Ötən günlərdə Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə” şəhərinin tarixi adı təhrif edilərək “Urumiyə” şəkilində yazılıb.

 

Şübhəsiz ki, “Urmiyə Şəhər Şurası”nın “Urumiyə Şəhər Şurası” kimi yazılması sadəcə bir yalnışlıq deyil, onun İran rejiminin Azərbaycanın coğrafi adlarını dəyişdirmə planının tərkib hissəsi olduğu hər kəsə aydındır.

 

Bu təhrif güney azərbaycanlılar, xüsusi ilə də mədəni sahədə fəal olan soydaşlarımızın kəskin etirazına səbəb olub. Mətbuatda yayılan məlumata görə, fəallar tarixi adların məqsədönlü şəkildə dəyişdirilməsi prosesinə etiraz yığıncaqları keçirmək, bəyanat yaymaq, imzatoplama kampaniyası keçirmək və s. kimi yollarla cavab verməyi planlaşdırır.

 

 

Bu zəmində bir qrup mədəni fəal, mətbuat orqanlarının nümayəndələri və “Azərbaycan Mədəniyyət Ocağı” birgə bəyanat yayaraq baş verən təhrif faktını pisləyiblər.

 

Bəyanat Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari, həmçinin mədəni irs və vətəndaş hüquqları üzrə səlahiyyətli şəxslərə ünvanlanıb.

 

Bəyanatda Qərbi Azərbaycanın keçmiş valisi Qurbanəli Səadətin “Urmiyə” adının “Urumiyə”yə dəyişdirilməsi ilə bağlı 10-14/96/25604  sayılı qərarına qarşı edilən etirazlar xatırladılıb və bildirilib ki, Şəhər Şurasının lövhəsində “Urmiyə”nin heç bir tarixi kökü olmayan “Urumiyə” şəkilində yazılması qəbuledilməzdir.

 

Şəhərin adının “Urmiyə” olduğu ilə bağlı tarixi sənədlərə işarə edilən bəyanatda vurğulanır ki, mədəni camiəni təhrifdən dolayı yaranan gərginlikdən qurtarmaq üçün valinin məlum qərarı ləğvi olunmalı, şəhərin adının  “Urmu” və ya “Urmiyə” şəkilində yazılması barədə birdəfəlik qərar verilməlidir.

 

“Biz “Azərbaycan Mədəniyyət Ocağı” təmsilçiləri və bir qrup mədəni fəal olaraq səlahiyyətli şəxslərdən Urmiyədə ictimai rəyə qarşı çıxmamağı, ənənəvi və qədim adın qorunub-saxlanılmasını tələb edərək bu məsələnin Əyalət üzrə Mədəni Şura və Şəhər Şurası vasitəsi ilə bir dəfəlik həll olunmasını gözləyirik”- deyə bəyanatda vurğulanıb.

 

Xəbər verdiyimiz kimi, dekabrın 11-də Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri rəsmi Teleqram kanalında baş verən son təhrifə münasibət bildirib. “Bu məsələyə görə Şəhər Şurasının rəisi, həmçinin Rəyasət Heyəti cavab verməlidir. Rəyasət Heyətinin cavabı məntiqli və əsaslandırılmış şəkildə olmalıdır”- deyə o qeyd edib.

 

Güney Azərbaycanda yerli məsullar birbaşa və ya dolayı yolla rejim tərəfindən təyin olunduğu üçün, onların əksəriyyəti rejimin anti-türk siyasətinin icraçılarıdır. Belə məsullar əhali arasında geniş nüfuza malik olmasalar da, davamlı olaraq rejim tərəfindən dəstəklənirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN