Urmiyə Şəhər Şurası seçkilərinin nəticəsi yenidən saxtalaşdırıla bilər

Urmiyə Şəhər Şurası seçkilərinin nəticəsi yenidən saxtalaşdırıla bilər

GünAz TV: İranda Şura Seçkilərinin keçirilməsindən 2 həftə keçməsinə baxmayaraq Urmiyə Şəhər Şurası seçkilərinin son nəticəsi hələ də təsdiqlənməyib.

 

Ehtimal olunur ki, rejim saxtakarlıq yolu ilə Şəhər Şurasına üzv seçdiyi 4 mühacir kürdlə kifayətlənmək istəmir, onların sayı daha da artırıla bilər.

 

Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı Abbas Həsənxani “Fars” xəbər agentliyinə verdiyi açıqlamada Şəhər Şurasının nəticələri ilə bağlı yeni şübhələrin yaranmasına səbəb olub.

 

“Şəhər Şurasında səslərin sayılması davam edir, hələ də nəticə konkret olaraq məlum deyil. Yekun nəticə dəqiqləşdikdən sonra kütləvi informasiya vasitələrinə (KİV) məlumat veriləcək, nəticə Urmiyə Şəhər İcra Hakimiyyətinin rəsmi kanalında elan olunacaq”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyəti başçısı bu barədə şayiə yayanlara xəbərdarlıq da edib. “İnternetdə bu barədə şayiələr yayılır. Bu vəziyyət davam edərsə, qanun pozuntusuna yol verən şəxslər məhkəmə hökmü ilə təqib olunacaq. KİV vasitələri isə şayiələrdən uzaq duraraq cəmiyyətdə sağlam psixoloji mühitin qorunub saxlanılmasına yardım etməlidir”- deyə Abbas Həsənxani vurğulayıb.

 

Azərbaycan Milli Hərəkat fəalları seçki nəticəsinin elan olunmasının gecikləndirilməsini növbəti saxtakarlıq cəhdi kimi qiymətləndirir. Bundan öncə təhlükəsizlik orqanlarının müdaxiləsi ilə Urmiyə Şəhər Şurasına seçilən 11 namizəddən 4-nun mühacir kürdlərdən olduğu elan olunub. Seçkilərdən öncə də oxşar müdaxilələr qeydə alınmışdır. İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) mühacir kürdlərin Şəhər Şurasına yol tapması üçün dəfələrlə tədbir keçirib, onların koalisiyasını yaratmağa çalışmışdır. Azərbaycan Milli Hərəkat fəalları isə gizli planları ifşa edərək onların tam olaraq reallaşmasına imkan verməyib.  

 

Qeyd edək ki, İranda prezident və Şəhər Şurası seçkiləri mayın 19-da keçirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN