Urmiyədə ciloluq qətliamının qurbanları anılıb

Urmiyədə ciloluq qətliamının qurbanları anılıb

GünAz TV: Urmiyə şəhərində xx əsrin əvvəllərində güney azərbaycanlı türklərə qarşı törədilən ciloluq faciəsi və Şimali Azərbaycanda “31 mart” soyqırımı qurbanları anılıb.

 

Anım mərasimi martın 30-u Urmiyədə “15 xordad” məktəbinin qarşısında (ciloluq faciəsi qurbanlarının kütləvi məzarlıqlarından biri) baş tutub. Ciloluq faciəsinin 100-cü ildönümü münasibəti ilə keçirilən tədbirə azərbaycanlı milli-mədəni fəallar qatılıb. Plakatla mərasimə qatılan fəallar məktəb binasının qarşısına gül dəstələri qoyub və şam yandırıblar. Plakatlar üzərində “Başın sağ olsun Azərbaycan”, “Ciloluq faciəsi unudulmamalıdır” və s. kimi ifadələr yazılıb.

 

 Mərasim Azərbaycan Mədəni Camiəsinin təşəbbüsü ilə keçirilib.

 

Ötən əsrin əvvəllərində birinci dünya müharibəsinin sonlarında erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib.

 

Ciloluq faciəsinə martın 30-da Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri də münasibət bildirib. “Bu faciə hicri-şəmsi təqvimi ilə 1296-cı ildə törədilib və bu il baş verən faciənin 100-cü ildönümüdür. Bu hər bir urmiyəli üçün unudulmaz tarixdir, ən azı ona görə ki, hələ də o faciəyə aid yeni-yeni məzarlıqlar aşkar olunur. Tarixi kitablarda yazıldığı kimi, Urmiyədə bir gündə 10 min nəfər qətliam olunub, bu isə çox böyük faciə deməkdir”- deyə o bildirib.

 

Millət vəkili ciloluq faciəsi zamanı törədilən cinayətləri İŞİD terrorçularının cinayətləri ilə müqayisə edərək qeyd edib ki, bu məsələ əhali üçün aydınlaşmalıdır:  Bu faciə nəyə görə törədildi? Talançı dəstələr nə üçün belə cinayətlərə əl atdılar? Kimlər talançılara qarşı müqavimət göstərdi? Kimlər bu hadisədə qəhrəmanlıq göstərdi? və s. Bütün bunlar önəmli məsələlərdir, hər şey araşdırılıb və əhaliyə açıqlanmalıdır. Mən bu mövzuya və ümumiyyətlə Urmiyənin kimlik məsələsinə həssas bir insanam”- deyə H.Bahaduri əlavə edib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN