Urmiyədə professor Zehtabinin xatirəsi anılıb - GÖRÜNTÜ

Urmiyədə professor Zehtabinin xatirəsi anılıb - GÖRÜNTÜ

GünAz TV: Dekabrın 21-də Güney Azərbaycanın Urmiyə şəhərində professor Məhəmmədtağı Zehtabinin vəfatının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

 

Azərbaycanlı mədəni fəallar tərəfindən keçirilən mərasimdə tanınmış fəal Sina Həsəni mərhum Prof. Zehtabinin “Səs və Sərf” kitabına işarə edərək onun təhsil illəri xatirələrindən bəhs edib. O söhbətinin davamında Azərbaycan Milli Hərəkatının bugünkü durumu və hazırda Təbrizin mərkəzi zindanında təxminən iki aydır aclıq aksiyası keçirməkdə olan Murtaza Muradpurun ağır vəziyyətindən danışıb.

 

Məlumata görə, Prof. Zehtabinin “Su deyibdir mənə əvvəldə anam “ab” ki yox…” və Bulud Qaraçorlunun “Yasaq” şeiri, aparıcılar tərəfindən oxunarkən mərasimdə həyəcanlı anlar yaşanıb.

 

Anım mərasimində çıxş edən Əli Əzizi, Əmir Vəlizadə, Yusif Dəstan, Katiboğlu, doktor Mədədi və s. böyük azərbaycanlı alimlə bağlı öz fikirlərini bildirərək onun elmi və ictimai fəaliyyətlərini yüksək qiymətləndiriblər. Aşıq Qənbər Həqiri və aşıq Səbur Şərifinin Azərbaycanın klassik mahnılarını ifa etməsi isə mərasimə xüsusi rəng qatıb.

 

Doktor Məhəmməd Tağı Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsinin Çay küçəsində dünyaya göz açmışdır. Orta məktəbi Təbrizdə başa vuran Məmmədtağı Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilmişdir.

Zehtabi hələ 18 yaşlarında ikən (1939) Hacı Mirzə Əli Şəbistərinin təşəbbüsü ilə ana dilində nəşr olunan «Azərbaycan» qəzetində məqalə və şeirləri ilə çıxış etmişdi. 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk tələbələrindən olub. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət etmiş və orada qısa müddət ərzində Azərbaycan tarixi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirmişdir. 1979-cu ildə İranda Pəhləvi rejimi yıxıldıqdan sonra Vətəni Təbrizə qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını geniş aspektdə davam etdirmişdir. Vəfatınadək (1998, 22 dekabr) Azərbaycan tarixi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tarixşünaslığında yeni bir cığır açmışdır.

 

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN