Zəncan və İzmir şəhərləri qardaşlaşır

Zəncan və İzmir şəhərləri qardaşlaşır

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhəri ilə Türkiyənin İzmir şəhəri qardaşlaşır.

 

İran mətbuatının yaydığı məlumata görə, buna iqtisadi, sənaye və ticarət sahəsində olan qarşılıqlı əməkdaşlıq şərait yaradıb.

 

Məlumata görə, İzmir valisinin müavini Məhəmməd Ənsarioğlu onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Zəncan Ticarət Palatasının üzvləri ilə iki şəhər arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələsini müzakirə ediblər. Müzakirələr zamanı İran və Türkiyə Müştərək Şurasının rəis müavini Əli Yeganə Zəncan və İzmir şəhərlərinin qardaşlaşmasını təklif edib.

 

Türkiyə nümayəndə heyətinin rəisi M.Ənsarioğlu isə irəli sürülən təklifə müsbət reaksiya verib. “Bu məsələ ilə bağlı İzmir valisi ilə söhbət edəcəm. Ümid edirəm ki, bu barədə nəticə əldə olunacaq və müvafiq sənəd imzalanacaq”- deyə o bildirib.

 

İzmir valisinin müavini həmçinin söz verib ki, zəncan və izmirli iş adamlarının pul köçürülməsi ilə bağlı yaşadıqları problemə son qoyulacaq. O, İzmir banklarının 3-ü ilə müzakirələr apararaq bu problemi aradan qaldıracaqlarını deyib.

 

İran və Türkiyə Müştərək Şurasının rəis müavini və Zəncan Ticarət Palatasının İdarə Heyətinin üzvü Əli Yegqanə xüsusi olaraq vurğulayıb ki, Zəncan Türkiyənin Trabzon şəhəri ilə qardaşlıq protokolu imzalayıb, eyni protokolun İzmir şəhəri ilə də imzalanmasını istəyirik.

O iki şəhərin potensiallarından danışaraq sahibkarlar arasında əlaqələrinin artırılmasını istəyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN