Zəncan yaxınlığında yerləşən kənddə köhnə məktəb binası 400-dən çox şagird üçün təhlükə mənbəyidir

Zəncan yaxınlığında yerləşən kənddə köhnə məktəb binası 400-dən çox şagird üçün təhlükə mənbəyidir

GünAz TV: Güney Azərbaycanın Zəncan şəhəri yaxınlığında yerləşən Dizəcabad kəndində 50 yaşlı məktəb binası 400-dən çox şagird üçün təhlükə mənbəyidir.

 

Bu barədə məktəbin Valdeynlər Birliyinin üzvü cənab Lütfi “Moc-i Rəsa” xəbər agentliyinin müxbiri ilə danışıqda məlumat verib.

 

“Dizəcabad məktəbinin artıq 50 yaşı var. Bina bərbad vəziyyətdə olduğuna görə məktəbdə təhsil alan bütün şagirdlər üçün təhlükə mənbəyinə çevrilib. Şagirdlər üçün əlavə təhlükə, məktəbin çox gediş-gəlişli olan avtomobil yolunun kənarında yerləşməsidir. Demək olar ki, bu məktəbdə təhsil alan 400 şagird hər gün təhlükə ilə üz-üzədir”- deyə o bildirib.

 

Məktəbin dərs günlərində iki növbədə fəaliyyət göstərdiyini qeyd edən Lütfi məktəblilərin gündəlik problemlərinə toxunub.  “hər növbədə 200 şagirdə məktəbə gedir, onlar dərsə gedəndə və evə qayıdanda avtomobil yolundan keçməlidilər, bu isə şagirdlər üçün təhlükəli vəziyyət yaradır”- deyə o vurğulayıb.

 

“Məktəb hər an Tehranın “Plasko” Ticarət Mərkəzi binası kimi çökə bilər. Dizəcabad kəndinin əhalisi isə şəxsi imkanları hesabına məktəb tikməyə qadir deyil. Ona görə də məsələ ilə bağlı səlahiyyətli orqanlara, o cümlədən imam cümə, İcra Hakimiyyəti (fərmandari) və Məktəblərin Yenidənqurma İşləri üzrə İdarəyə müraciət edilib. Düşünürəm ki, bu məsələyə çox ciddi yanaşmaq lazımdır”- deyə Valdeynlər Birliyinin üzvü əlavə edib.

 

Xatırladaq ki, Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi imkanları hesabına inşa edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN