Zəncanda mədənə çalışan yük maşınları sürücüləri etiraz aksiyasi keçirib

Zəncanda mədənə çalışan yük maşınları sürücüləri etiraz aksiyasi keçirib

GünAz TV: Çərşənbə günü 200 zəncanlı yük maşını sürücüsü bu şəhərin “22 Bəhmən” yolunda etiraz aksiyası keçirib.

 

Sürücülər, Ənquran qurğuşun və sink mədənində fəaliyyət göstərən şirkətləri kirayə haqlarını qaldırmamaqda, pullarını vaxtı-vaxtında ödəməməkdə və onları işsiz buraxmaqda günahlandırıblar.

 

Sürücülər bildirib ki, “Zərrin mədən” şirkəti yeni yük maşınları almağa başlayıb, bu proses şirkətdə çalışan yük maşını sürücülərinin işsiz qalmasına səbəb olur, bu problem gələcəkdə daha da ciddiləşəcək.

 

Etirazçıların sözlərinə görə, mədəndə çalışan şirkətlərdən biri hazırda 5 milyard tümən yük maşını sahiblərinə borcludur, lakin bu məbləğin ödənilməsi üçün heç bir addım atmır.

 

“4 ildir kirayə haqqının 15 faiz artmasını gözləyirik, lakin şirkətlər bununla razılaşmır və bizə bildirilir ki, sərf etmirsə işi tərk edə bilərsiniz”- deyə sürücülər əlavə edib.

 

https://www.youtube.com/watch?time_continue=33&v=bbulbm831Sg

 

 

Sürücülər həmçinin qeyd edib ki, “şirkətlərin bəzi müdirləri təhrikedici ifadələr işlədərək sürücülərin narahatlığına səbəb olur. Onlar bildirir ki, mədənin həm özü, həm də torpağı bizə aiddir.”

 

Ənquran qurğuşun və sink mədəni Zəncanın 135 kilometrliyində, Manişan (Mahnişan) şəhərinin Dəndi kəndində yerləşir. Bu mədən yaxın şərqin ən böyük qurğuşun və sink mədənidir, orada 70 ildir xammal çıxarılır. Lakin bu mədən də Azərbaycanın digər yeraltı sərvətləri kimi bölgəyə heç nə nəsib etmir. Bölgədə işsizlər ordusu günü-gündən böyüdüyü halda mədən fars bölgələrindən olan şirkətlərə ötürülüb, işçilərin əksəriyyəti də digər bölgələrdən gətirilib.

 

Bu arada Qərbi Azərbaycanın Xoy şəhərində taksi sürücülərinin etiraz aksiyası keçirdiyi bildirilir.

 

Dekabrın 28-də şəhərin mərkəzi dördyolunda baş tutan aksiya saatlarla davam edib.

 

Hələlik taksi sürücülərinin irəli sürdükləri tələblər haqda heç bir məlumat əldə edilməyib.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN