4 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə baxılıb

4 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə baxılıb

GünAz TV: Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində Beynəlxalq Ana Dili Günü mərasiminə qatılan güney azərbaycanlı fəalların apellyasiya şikayətinə baxılıb.


Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlının məhkəmə iclası dekabrın 23-ü yerli vaxtla saat 10:00-da keçirilib.


Hakim Babayinin sədrliyi ilə keçirilən məhkəmə iclasında fəalların vəkili Məhəmmədrza Fəqihi də iştirak edib.
Fəallar və onların vəkili irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildiriblər.


Fəallar vurğulayıb ki, məhkəmənin verdiyi qərar İran İslam Cümhuriyyətinin qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.


Güney azərbaycanlı fəallar ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaqda günahlandırılıb.


Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilib:
1- Əlirza Fərşi 15 il həbs və 2 il Xuzistan Əyalətinin Bağməlik şəhərinə sürgün edilmə hökmü ilə üzləşib.
2- Əkbər Azad 10 il həbs və 2 il İlam Əyalətinin Dərreşəhr şəhərinə sürgün edilmə hökmü ilə üzləşib.
3- Behnam Şeyxi 10 il həbs və 2 il Xuzistan Əyalətinin “Məscid Süleyman” şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.
4- Həmid Manafi Nadarlı 10 il həbs və 2 il Loristan Əyalətinin Azna şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.


Beynəlxalq Əfv Təşkilatı dəfələrlə bəyanat yayaraq İranda qeyri-fars millətlərinə mənsub mədəni fəallara bəraət verilməsi və onların qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN