Abbas Lisani barəsində çıxarılan qiyabi qərar hökmləri icra edən şöbəyə göndərilib

Abbas Lisani barəsində çıxarılan qiyabi qərar hökmləri icra edən şöbəyə göndərilib

GünAz TV: Dekabrın 21-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə SMS göndərilərək 9709984118500370 nömrəli dosyesinin hökmləri icra edən bölümün 11-ci şöbəsinə göndərildiyi bildirilib.

 

Tanınmış fəal iyulun 2-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına göndərilmişdir, hökm həmin dosye ilə bağlıdır.

 

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “Mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu açıqlayıb. Fəal azadlığa buraxıldıqdan sonra sentyabrın 16-da telefonuna SMS göndərilərək ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub.  Bildirilib ki, ikinci sıradan olan 9709984118500370 nömrəli dosye ilə əlaqədar iki gün sonra Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

 

Abbas Lisani isə rəsmi məktubla çağırılmadığını əsas gətirərək məhkəməyə müraciət etməyəcəyini açıqlayıb.

 

Abbas Lisani məhkəməyə müraciət etmədiyi halda, böyük ehtimalla həmin gün qiyabi qərar çıxarılıb. Ona görə ki, fəal sentyabrın 24-də rəsmi tətillərdən sonra məhkəmə tərəfindən növbəti SMS qəbul edib. SMS-də bildirilib ki, 9709984118500370 nömrəli dosye ilə bağlı hökm çıxarılıb. Bütün bunlar məhkəmə prosesinin formal və qanunsuz olduğunu göstərməkdədir.

 

Oktyabrın 10-da Təbriz İnqilab məhkəməsinin 2-ci şöbəsi fəala çağırış vərəqəsi göndərərək hökmün elan olunması üçün onu məhkəməyə çağırıb.

 

Çağırış vərəqəsini aldıqdan sonra azərbaycanlı fəalın məhkəməyə cavabı gecikməyib. “Böyük Azərbaycan milləti” adı ilə başlayan cavab mətnində məhkəmə prosesinə kəskin etiraz bildirilib. “Barəmdə çıxarılan hökm təmami ilə qanunsuz və qəbuledilməzdir. Konstitusiyanın 168-ci maddəsinə əsasən əqidə, siyasət və mətbuatla bağlı dosyelərə açıq şəkildə hər kəsin gözü qarşısında baxılmalıdır. Bu qanunu icra etməkdən qorxanlar, indi də formal məhkəmələrdə çıxarılan hökmləri yazılı şəkildə elan etməkdən vahiməyə düşüblər”- deyə etiraz mətninin bir hissəsində qeyd olunub.

Abbas Lisnai Məhkəmənin qanunsuz hərəkətlərinə kəskin cavab verərək bu çağırışlara məhəl qoymayacağını dəfələrlə vurğulayıb.

 

İyul ayında keçirilən məşhur Babək qalası mərasimi ilə əlaqədar qala ilə yanaşı Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla milli-mədəni fəal saxlanmışdır.

 

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.

 

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN