Abbas Lisani təcridxanada aclıq aksiyasına başlayıb

Abbas Lisani təcridxanada aclıq aksiyasına başlayıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani saxlandığı təcridxanada aclıq aksiyasına başlayıb.

 

Fəalın yaxınları bir neçə gündür ki, onun saxlanmasının səbəbini öyrənmək istəyir, lakin buna nail ola bilməyiblər. Onlar yanvarın 22-i axşam saatlarında fəalın aclıq aksiyasına başladığını bildiriblər.

 

Abbas Lisani bundan əvvəl Ettelaat İdarəsinin təcridxanasına aparıldığı andan aclıq aksiyasına başlayacağını bildirmişdir. O aksiyasının səbəbini yemək vasitəsi ilə zəhərlənmə və özünə qarşı sui-qəsd ehtimalı ilə izah edib.

 

Azərbaycanlı fəal yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbriz Prokurorluğunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O yanvarın 20-də Təbrizdən Ərdəbilin Ettelaat İdarəsinə intiqal edilib.

 

Abbas Lisaniyə saxlandığı gündən yaxınları ilə görüşmək, hətta telefon əlaqəsi saxlamaq icazəsi verilməyib. Bu məsələ Lisani ailəsinin ciddi nigaranlığına səbəb olub.

 

Təbriz və Ərdəbilin məhkəmə orqanları məsulları azərbaycanlı fəalın Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasından sonra saxlanması və onun Ərdəbilin Ettelaat İdarəsinə intiqal edilməsinin səbəbini açıqlamaqdan imtina edir.

 

Tanınmış fəal bundan əvvəl də qanunsuz saxlandığı və həbs edildiyi zaman öz hüquqlarının müdafiəsi uğrunda dəfələrlə uzunmüddətli aclıq aksiyaları keçirib.

 

Abbas Lisani 2018-ci il iyulun 1-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

 

O saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan etmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN