Abbas Lisani təcridxanada saxlanmasına baxmayaraq Təbriz Məhkəməsinə çağırılıb

Abbas Lisani təcridxanada saxlanmasına baxmayaraq Təbriz Məhkəməsinə çağırılıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal hazırda Ərdəbil Zindanının karantin bölümündə saxlanmasına baxmayaraq Təbriz Məhkəməsinə çağırılıb.

 

Məlumata görə, yanvarın 31-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən fəalın evinə iki çağırış vərəqəsi göndərilib.

 

Çağırış vərəqələrində A.Lisanidən istənilib ki, hökmü qəbul etmək üçün 10 gün ərzində məhkəməyə müraciət etməlidir.

 

Vərəqələrdə həmçinin bildirilib ki, çağırış vərəqələri məhkəmənin bildiriş sisteminə göndərilib. Ora müraciət edib istifadəçi adı və şifrədən istifadə edərək çağırış vərəqəsinin tarixi və nömrəsini daxil etdikdən sonra vərəqənin məzmununu öyrənə bilərsiniz.

 

Çağırış vərəqəsində vurğulanıb ki, deyilən adresə müraciət olunmasa, bu, məhkəmə sənədlərindən imtina etmək kimi qəbul olunacaq.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb və Ərdəbilin Ettelaat İdarəsinə təhvil verilib. O hazırda Ərdəbil zindanının karantin bölümündə saxlanılır.

 

Fəal saxlandığı gündən onunla bağlı məlumat verilmir, sadəcə onun Təbriz məhkəməsində saxlandıqdan sonra Ərdəbilə intiqal edildiyi bildirilib. Fəal kimsə ilə görüşdürülmür, o telefon əlaqəsi də saxlaya bilmir.

 

Abbas Lisani bundan əvvəl elan etmişdir ki, qanunsuz şəkildə saxlanılarsa, aclıq aksiyası keçirəcək. Bundan əvvəl dəfələrlə həbsxanalarda aclıq aksiyası keçirməsi, telefon əlaqəsi saxlamaması, prokurorluq rəsmisinin dediyinə görə fəalın həkim nəzarətində saxlanması və s. onun aclıq aksiyası keçirməsi ehtimalını artırır. Bu məsələ fəalın ailəsi və azərbaycanlı milli-mədəni fəalların nigaranlığına səbəb olub.

 

Tanınmış fəal 2018-ci il iyulun 2-də Babək qalası yürüşü ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

Fəal saxlandığı zaman Təbriz Məhkəməsinin 11-ci Şöbəsi onun “mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunduğunu elan edib.

 

Sonralar Abbas Lisaniyə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən SMS göndərilərək ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub. Lakin fəal bu barədə bəyanat yayaraq məhkəməyə qanunsuz şəkildə çağırıldığını bildirib və prosesə qatılmayacağını vurğulayıb. SMS-lərdə məhkəmə iclasının zamanı, hökmün çıxarılması və onun icrası barədə məlumat verilib. Hökmlə bağlı Lisani ailəsi də məhkəməyə müraciət edib. Məlum olub ki, fəal barəsində 10 aylıq həbs qərarı çıxarılıb. Sonralar həbs cəzasının icrasına başlanılıb. Abbas Lisani yanvarın 5-də Ərdəbil İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinin məmurları  tərəfindən yaxalandıqdan sonra 10 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına aparılıb. Fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz etdikdən sonra həbsxana məmurları tərəfindən yanvarın 6-da Təbriz zindanının karantin bölümündən Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə aparılıb. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırıb.

Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin etdikdən sonra fəalın müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarmışdır.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN