Abbas Lisanidən xəbərdarlıq: Zindan məsulları bundan imtina edərsə 48 saat sonra aclıq aksiyasına başlayacam

Abbas Lisanidən xəbərdarlıq: Zindan məsulları bundan imtina edərsə 48 saat sonra aclıq aksiyasına başlayacam

GünAz TV: Ərdəbil zindanında saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib.

 

Şənbə günü yaxınları ilə telefon əlaqəsi saxlayan fəal bu barədə məlumat verib.

 

Azərbaycanlı fəal bildirib ki, gözlənilən məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra, yəni mayın 27-də aclıq aksiyasına başlayacaq.

 

Deyilənlərə görə, Ərdəbil zindanının təhlükəsizlik bölümünün rəisi Surazər tələb olunan vərəqələrin fəala göstərilməsinə mane olur. Abbas Lisani bu maneçiliyi özünə qarşı qurulan ssenarinin tərkib hissəsi olduğunu açıqlayıb.

 

Abbas Lisani, musiqi ustadı mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyətinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.

 

Sözügedən dosye ilə bağlı Abbas Lisaninin məhkəmə prosesinin bütün mərhələləri qiyabi olaraq keçirilib və sonda barəsində həbs qərarı verilib. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. Lakin fəal Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi şəkildə mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. Fəal yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən iclasa qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. O yanvarın 15-dən hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun 4 ağır ittihamla üzləşdiyi açıqlanıb.

 

İnsan haqları qurumları və azərbaycanlı fəallar inanır ki, Abbas Lisaninin son saxlanması və irəli sürülən ittihamlar ona qarşı gizli ssenarinin qurulduğu və bu istiqamətdə dosye təşkil olunduğundan xəbər verir.

 

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan 10 aylıq həbs hökmünü aprel ayında keçirilən iclasda olduğu kimi qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin iclası da qiyabi olaraq keçirilib, Ərdəbil zindanın məsulları azərbaycanlı fəala məhkəmə prosesinə qatılmaq üçün icazə verməyib.

 

Ötən il Güney Azərbaycan şəhərlərində Abbas Lisaninin çıxış etdiyi bir video yayılıb. Video azərbaycanlı fəalların mədəni və milli tədbirlərdə daha aktiv olması ilə bağlı olub. Bundan bir müddət sonra çox sayda fəalın qatılımı ilə ənənəvi Babək qalası mərasimi baş tutub. Mərasimdən əvvəl və yığıncağın keçirildiyi gün təxminən 100 azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılılıb. Abbas Lisani mərasimə 3 gün qalmış 2018-ci il iyulun 2-də saxlanmışdır.

 

Beynəlxalq Əfv Təşkilatı 2018-ci ilin avqust ayında geniş bəyanat yayaraq azərbaycanlı fəalların mədəni yığıncaqlarda saxlanmasını kəskin şəkildə pisləyib. Bəyanatda saxlanılan fəalların azadlığa buraxılması və onlara bəraət verilməsi tələb olunmuşdur. Lakin İran beynəlxalq təşkilatın tələbinə zidd olaraq fəalları təqib edib, onların bir çoxunu məhkəmə qarşısına çıxarıb.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN