Apelyasiya Məhkəməsi Abbas Lisani haqda çıxarılan 10 aylıq həbs qərarını təsdiqləyib

Apelyasiya Məhkəməsi Abbas Lisani haqda çıxarılan 10 aylıq həbs qərarını təsdiqləyib

GünAz TV: Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda çıxarılan həbs qərarını təsdiqləyib.

 

Hakim Mikayıl Xubyarpur Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan 10 aylıq həbs hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Apelyasiya Məhkəməsinin çıxardığı hökmdə qeyd olunub ki, həbs qərarında heç bir səhvə yol verilməyib, qərarın yanlış olduğunu sübut edən hərhansı dəlil və ya sənəd də təqdim olunmayıb. Ona görə də çıxarılan məhkəmə qərarı olduğu kimi qüvvədə saxlanılır.

 

Abbas Lisani, musiqi ustadı mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyətinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə həbs cəzasına məhkum edilib.

 

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi aprelin 13-də keçirilən məhkəmə iclası ilə bağlı fəalın evinə çağırış vərəqəsi göndərib. Bu barədə elektron məktubu vasitəsi ilə onun vəkili Əsğər Məhəmmədiyə də məlumat verilmişdir.

Fəal həbsxanadan Apelyasiya Məhkəməsinə buraxılmadığı üçün məhkəmə iclası aprelin 13-də qiyabi olaraq keçirilib.

Fəalın etirazına baxılmadan əvvəl vəkili Apelyasiya Məhkəməsinə müraciət edərək çağırış vərəqəsinin həbsxanaya göndərilməsini və bu barədə həbsxana ilə koordinasiya edilməsini istəsə də onun tələbi təmin olunmayıb. Halbuki, qanuna görə müttəhim həbsxanada olduğu təqdirdə çağırış vərəqəsi zindan məsulları vasitəsi ilə ona çatdırılmalıdır.

 

Sözügedən dosye ilə bağlı Abbas Lisaninin məhkəmə prosesinin bütün mərhələləri qiyabi olaraq keçirilib və sonda barəsində həbs qərarı verilib.O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. Lakin fəal Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. Fəal yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən iclasa qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. Fəal yanvarın 15-dən hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun 4 ağır ittihamla üzləşdiyi açıqlanıb.

 

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN