Apelyasiya Məhkəməsi Kiyumərs İslami barəsində çıxarılan 1 illik həbs qərarını qüvvədə saxlayıb – Hökmün təsviri

Apelyasiya Məhkəməsi Kiyumərs İslami barəsində çıxarılan 1 illik həbs qərarını qüvvədə saxlayıb – Hökmün təsviri

GünAz TV: Ərdəbil Əyaləti Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami barəsində çıxarılan 1 illik həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

 

Apelyasiya Məhkəməsinin qərarı noyabrın 22-də azərbaycanlı fəala göndərilib.

 

Şöbə rəisinin müşavirləri Bilal Müzəffəri və Mərhəmət Şəhbazzadə tərəfindən imzalanan hökmdə həbs cəzasının təsdiqlənməsinin səbəbi açıqlanıb.

“Etirazçı məhkəmə hökmünün dəyişdirilməsinə əsas yaradan heç bir dəlil və ya sənəd təqdim etməyib. Əslində etiraz məktubunda yeni heçə nə qeyd olunmayıb, yazılan  dəlillər qərar çıxaran məhkəmənin gördüyü mətləblərin təkrarıdır. Ona görə də etiraz rədd edilərək məhkəmənin həbs qərarı olduğu kimi təsdiq edilir”- deyə Apelyasiya Məhkəməsinin hökmündə qeyd olunub.

 

Bundan əvvəl Parsabad 2 saylı Cəza Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslamini sözdə “pantürkizm və bölücülük” ittihamı ilə 1 il azadlıqdan məhrum edib.

İyul ayında Babək qalası yürüşü ərəfəsində saxlanılan fəal hakim “Firuz Fərahani Məzrəə Cahan” tərəfindən həbs cəzasına məhkum olunub. Hakim İslam Cəza Qanununun 504-cü maddəsinə istinad edərək çıxardığı hökmün mətnində qeyd edib ki, müttəhim Parsabad şəhərinin bölücü və pantürkist qüvvələrindəndir. O bölücülük fəaliyyəti istiqamətində raport hazırlayır və fars dilindən türk dilinə təhrif edərək tərcümə etdiyi kitabları internetdə yayır. Müttəhim həmin materialları opozisyona bağlı xarici kanallara da göndərir. O Parsabadda pantürkizm cərəyanının əsas qüvvələri və liderlərindən biridir.

 

Hökmdə fəalın “Güney Azərbaycan” terminindən istifadə etməsi də ittihama əsas verən dəlillərdən biri kimi göstərilib.

 

Fəal iyulun 4-ü sübh saatlarında Babək qalası yürüşü ərəfəsində Parsabadda öz evində yaxalanıb. O 37 gün saxlandıqdan sonra avqustun 9-da mülki vəsiqə qarşılığında Muğan zindanından sərbəst buraxılıb.

 

Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq 9 gün müddətinə aclıq aksiyası keçirmişdir.

 

“Araz” adı ilə tanınan Kiyumərs İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və məhkəmə qarşısına çıxarılıb.

 

Beynəlxalq Əfv Təşkilatı iyul ayında keçirilən Babək qalası mərasimindən sonra türk, ingilis və fars dillərində bəyanat yayaraq yürüş zamanı saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və tutulanlar barəsində bəraət hökmünün çıxarılmasını təkidlə tələb etmişdir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN